RUSİYA VƏ İTALİYA BMT TƏHLÜKƏSİZLİK ŞURASINDA İSLAHATIN SÜNİ SURƏTDƏ SÜRƏTLƏNDİRİLMƏSİNƏ MƏNFİ MÜNASİBƏT BƏSLƏYİRLƏR
Bu məsləhətləşmələrin başlıca yekunu V.Putinlə S.Berluskoninin birgə bəyanatı olmuşdur.
Rusiya və İtaliya BMT Təhlükəsizlik Şurasında (TŞ) islahatların süni şəkildə sürətləndirilməsinə mənfi münasibət bəsləyirlər. Əvvəlcə, “təkbətək”, sonra isə geniş tərkibdə keçirilmiş danışıqların yekunlarına dair birgə bəyanatda deyilir ki, “tərəflər islahatların süni surətdə sürətləndirilməsinə mənfi münasibətlərini təsdiqləyir və bütün beynəlxalq birliyin maraqlarına cavab verən nəticələr əldə etmək məqsədi ilə danışıqların fəallaşdırılmasına tərəfdardırlar”. Sənəddə, həmçinin qeyd edilir ki, Rusiya və İtaliya əmindirlər ki, beynəlxalq sülh problemlərinin ədalətli həllinə və xalqların rifah halının artırılmasına yalnız birgə səylərlə nail olmaq mümkündür. Bəyanatda deyilir: “Rusiya və İtaliya Təhlükəsizlik Şurasında islahatın BMT-nin üzvü olan bütün ölkələrin ümumi razılığı ilə qəbul edilmiş və coğrafi nümayəndəliyin saxlanılmasına və genişləndirilməsinə, qurumun fəaliyyətinin səmərəliliyinin artırılmasına yönəldilmiş qərarlar əsasında aparılmasına razıdırlar”.
Birgə bəyanatda iki dövlət arasındakı digər mühüm problemlərə, habelə bir sıra beynəlxalq məsələlərə də toxunulmuşdur.