RUSİYANIN MİLLİ BAYRAMI ŞƏRƏFİNƏ
Rusiyanın və Azərbaycanın dövlət himnləri səsləndi.
Rusiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Pyotr Burdıkin qonaqları salamlayaraq, suverenlik haqqında Bəyannamənin əhəmiyyətindən söhbət açdı. O, Rusiyanın dünya dövlətləri ilə münasibətlərindən danışarkən ölkəsi ilə Azərbaycan arasında gözəl əlaqələr yarandığını xüsusi vurğuladı. 2005-ci ilin Rusiyada Azərbaycan İli, cari ilin isə Azərbaycanda Rusiya İli elan olunduğunu xatırladan diplomat dedi ki, hər iki xalq tərəqqi, inkişaf və demokratiya yolu ilə bundan sonra da irəliləyəcəkdir. Rusiya bu xətti hər vasitə ilə dəstəkləyəcək və xalqlarımız, ölkələrimiz arasında dostluğu möhkəmlədəcəkdir.
Sonra Milli Məclisin sədri Oqtay Əsədov çıxış edərək, Azərbaycan Prezidenti İlham Əliyevin, parlament deputatlarının adından və şəxsən öz adından Rusiya xalqını, mərasim iştirakçılarını milli bayramı münasibətilə təbrik etdi.
Parlamentin sədri dedi ki, Azərbaycan-Rusiya əlaqələri möhkəm köklərə əsaslanır, xalqlarımız arasında dostluğun çoxəsrlik tarixi var. Ona görə də Azərbaycan müstəqilliyə qovuşduqdan sonra Rusiya ilə münasibətlərin dərinləşməsinə və inkişafına həmişə böyük əhəmiyyət vermişdir.
Oqtay Əsədov Azərbaycanla Rusiya arasında dostluq əlaqələrinin möhkəmlənməsində ümummilli lider Heydər Əliyevin xüsusi rolunu və xidmətlərini xatırladaraq bildirdi ki, məhz onun səyləri ilə bu dostluq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Parlamentin sədri siyasi və iqtisadi əməkdaşlıqdan ətraflı danışaraq vurğuladı ki, hər iki ölkə bunun dinamik inkişafında maraqlıdır.
Sonra iki ölkə xalqlarının, Azərbaycan və Rusiya prezidentlərinin şərəfinə badələr qaldırıldı.
Qəbulda parlament sədrinin birinci müavini Ziyafət Əsgərov, Milli Məclisin deputatları, nazirlər, xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirləri, digər rəsmi şəxslər iştirak edirdilər.