Rusiyanın Tula şəhərində rəssam Hədis Hacıyevin səhnə tərtibatında “Tartüf” tamaşası təqdim edilib


Moskva, 24 aprel, AZƏRTAC
M.Qorki adına Tula Akademik Dram Teatrının səhnəsində J.B.Molyerin pyesi əsasında hazırlanmış “Tartüf” tamaşasının premyerası olub. Tamaşada quruluşçu rəssam, həmyerlimiz Hədis Hacıyevin səhnə tərtibatı xüsusi rol oynayıb.
AZƏRTAC xəbər verir ki, XVII əsrdə Fransanın saraylarının memarlığından və dekorasiyasından ilhamlanan tamaşanın vizual görünüşü əsərin dramaturgiyasını yüksəldib, ona estetik bütövlük verib. H.Hacıyevin tərtibatında tamaşanın əsas mövzuları - iddia, sosial maska və mənəvi yalan vurğulanırdı.
Rəssam AZƏRTAC-a müsahibəsində deyib: “Dərhal beynimdə yaranan konsepsiya belə oldu: tamaşanın məkanı fransız qravürası ilə bağlıdır. Bu cərəyan çox dəbdə idi və pyesin yazıldığı 1650-ci illərin ortalarında, təxminən 1650-ci illərdə populyarlıq qazandı. Bu məkanda geyimdən tutmuş parikə qədər parlaq, rəngarəng personajlar, obrazlar var”.
O bildirib ki, “Tartüf”ün səhnələşdirilməsi təklifi ona və rejissor Andrey Sokolova hələ ötən ilin mayında Tula Dram Teatrının baş direktoru Oleq Mixaylovdan gəlib. Layihə Tula vilayətinin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həyata keçirilib.
H.Hacıyev qeyd edib: “Tamaşa üzərində iş bir il çəkdi. Bu, çox mürəkkəb və həcmli layihə idi. Biz çoxlu sayda rəssamla nəhəng birgə iş apardıq. İşıq ustaları, kostyumlar üzrə rəssam, rekvizitləri quranlar, rəssamlar, dizaynerlərlə birlikdə çalışdıq, layihə çərçivəsində çoxlu çap məhsulları yaradılıb”.
Sənətçi teatrda özünü quruluşçu rəssam kimi reallaşdırdığını vurğulayıb: “Bu, artıq dördüncü teatr layihəmdir. Kino rəssamı kimi karyeramda bir çox filmlərə, televiziya reklamlarına, kliplərə rejissorluq etmişəm. Paralel olaraq rejissorluqla da məşğulam. Teatrda özümü quruluşçu rəssam kimi reallaşdırıram və bu, mənim üçün özünüifadənin xüsusi formasıdır”.
H. Hacıyev Bakıda anadan olub, Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, sonra Moskvada VGİK-i bitirib. O, Azərbaycan Rəssamlar İttifaqının, Rusiya Dizaynerlər İttifaqının və Kinematoqrafçılar İttifaqının üzvü, həmçinin Kino və Televiziya Rəssamları Gildiyasının vitse-prezidentidir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva