REGİONLAR
Sabirabadda “Dəyişən zaman, dəyişən şagirdlər” layihəsi üzrə seminar keçirilib VİDEO
Sabirabad, 4 oktyabr, Aydın Yavərzadə, AZƏRTAC
Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsində qalib olan “Dəyişən zaman, dəyişən şagirdlər” layihəsinin seminar görüşü təşkil edilib. Görüş Sabirabad rayon Heydər Əliyev Mərkəzində keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, seminarda layihə rəhbəri Sevinc Məhərrəmova, təlimçi müəllimlər, həmçinin Sabirabad, Saatlı rayonları və Şirvan şəhərindən təlimə qoşulan müəllimlər iştirak ediblər. Qeyd olunub ki, layihənin mövzusu çox aktual olan gəncliyin dəyişən psixologiyası və təhsildə yeni yanaşmaların tətbiq edilməsi məsələsindən bəhs edir. Bildirilib ki, müəllim-şagird münasibətləri zamanı düzgün yanaşmanın seçilməməsi onlar arasında ünsiyyət zəifliyinə, qarşılıqlı anlaşmazlığa gətirib çıxarır. Bunun əsas səbəblərindən biri öyrədənin öyrənənə öz prizmasından yanaşması, qarşı tərəfi öz bacarıqlarına nisbətdə qiymətləndirməsidir. Belə hallarda öyrədənlə öyrənən arasında müəyyən yaş fərqi olduğu kimi, düşüncələrin fərqliliyi də ortaya çıxır.
Sevinc Məhərrəmova bildirib ki, layihə müəllimlərin şagirdlərə düzgün yanaşmaları, sağlam ünsiyyət qurmaları üçün onlara psixoloq tərəfindən seminar və təlimlərin keçirilməsindən ibarətdir. Həmçinin müəllimlər bu təlimlərə qoşulmaqla şagirdləri ilə ünsiyyətdə ortaya çıxa biləcək çətinlikləri aradan qaldıracaq, gələcək fəaliyyətlərində ünsiyyət zamanı qarşı tərəfə daha həssas yanaşma ilə bağlı məlumatlar əldə edə biləcəklər. Müəllimlərin bu təlimdə öyrəndiklərini effektiv şəkildə tətbiq etməsi isə şagirdlərin idraki, sosial, psixoloji və emosional inkişaflarına müsbət təsir edəcək.
Layihə üç ay davam edəcək və təlimə 100-dən çox müəllim qoşulub.
Təlimin ilk seminarının sonunda layihədə iştirak edən müəllimlərə sertifikatlar təqdim olunub.