Sabunçuda narkomaniyanın zərərli təsirlərinə dair maarifləndirici tədbir keçirilib
Bakı, 25 iyun, AZƏRTAC
Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində 26 İyun - Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü münasibətilə maarifləndirici tədbir təşkil olunub.
Tədbir Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və Sabunçu Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilib.
Dövlət Komissiyasından AZƏRTAC-a verilən məlumata görə, tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, Bakı şəhər Gənclər və İdman İdarəsinin Sabunçu rayonu üzrə Gənclər və İdman sektorunun müdiri, Dövlət Komissiyasının İşçi Qrupunun sektor müdiri, Bakı Gənclər Mərkəzinin direktoru, Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin həkim-narkoloqu, eləcə də, müəssisənin pedaqoji heyəti və tələbələri iştirak ediblər.
Çıxış edənlər narkotik vasitələrdən istifadənin doğurduğu tibbi, sosial və hüquqi fəsadlar, narkomaniyanın insan sağlamlığına, ailə institutuna və cəmiyyətin mənəvi dəyərlərinə vurduğu zərərlər barədə ətraflı məlumat veriblər. Eyni zamanda, mövcud qanunvericilik mexanizmləri, profilaktik tədbirlərin əhəmiyyəti və gənclərin sağlam həyat tərzinə təşviqi, onların asudə vaxtının səmərəli təşkili məsələləri diqqətə çatdırılıb.
Tədbir iştirakçılarının sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.