Sadiq Əliyev: Ağdam, Füzuli, Xankəndi və Xocavənddə yeni iş yerləri açılacaq
Bakı, 18 iyul, Günel Türksoy, AZƏRTAC
“Böyük Qayıdış" proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərə qayıdan vətəndaşların sosial rifahının təmin edilməsi prioritet məsələlərdən biridir.
Bu barədə AZƏRTAC-a məxsusi müsahibəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin (DMA) İdarə Heyətinin sədri Sadiq Əliyev bildirib.
O, deyib ki, DMA olaraq, bu istiqamətdə əsas məqsəd “Məşğulluqdan məskunlaşmaya” yanaşması ilə qayıdan insanların yaşayışlarının davamlılığını və rifahını dəstəkləməkdir:” Hazırda DMA tərəfindən davam edən məskunlaşmanın tələblərinə uyğun olaraq məşğulluğun müxtəlif aspektləri, o cümlədən, özünüməşğulluq, kvota üzrə iş yerlərinin yaradılması, ərazidə fəaliyyət göstərən şirkətlərə münasibətdə yerli işçi qüvvəsinin işlərə cəlb edilməsi və digər bu tipli layihələrin icrasına hazırlıq görülür. Rəqəmlərə gəlincə, cari ilin 11 iyul tarixinə sözügedən ərazilərdə məskunlaşmış iqtisadi fəal əhalidən məşğulluğu təmin olunmuş şəxslərin sayı ümumilikdə 4 min 809 nəfər təşkil edib. Bunlardan 3 min 677-si müvafiq qaydada işlə təmin olunub, 339-u isə özünüməşğulluq proqramına cəlb edilib”.
İdarə Heyətinin sədri vurğulayıb ki, fərdi qaydada özünüməşğul olanların sayı isə 793 nəfər olub: “Bu şəxslər əsasən xırda ticarət, yük və sərnişindaşıma sahələrində çalışırlar. Bunlardan əlavə, işğaldan azad edilmiş ərazilərdə 222 nəfər peşə hazırlığına cəlb olunub, daha 641 nəfərin məşğulluğunun təmin olunması ilə bağlı iş aparılır”.
Sadiq Əliyev hazırda davam edən layihələr barədə də məlumat verib. O diqqətə çatdırıb ki, Ağdam, Füzuli, Xankəndi və Xocavənddə telesatış, keytrinq, meyvə şirəsi istehsalı, çamaşırxana və təmizlik xidmətləri kimi sahələr üzrə açılacaq yeni iş yerlərində 80-dən artıq vətəndaş işlə təmin olunacaq.
DMA-nın İdarə Heyətinin sədri Sadiq Əliyevin AZƏRTAC-a məxsusi müsahibəsi ilə daha ətraflı linkdə tanış ola bilərsiniz.