Sahibkarlara çağırış: Təhsil layihələrinə dəstək verin
Bakı, 10 oktyabr, AZƏRTAC
ADA Universiteti və tərəfdaşları qismində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayevin də təmsil olunduğu nümayəndə heyəti Qazax Müəllimlər Seminariyasında “Təhsil və Mədəniyyətin vəhdəti: nümunələr və yeni missiya” mövzusunda tədbirdə iştirak edib.
ASK-dan AZƏRTAC-a bildirilib ki, Şəhidlər xiyabanının ziyarət olunmasından sonra başlayan tədbiri açılış nitqi ilə “Qazax Müəllimlər Seminariyası 100 ildən sonra: Yeni tədris kompleksi və perspektivləri mövzusu” ilə Qazax Müəllimlər Seminariyasının İdarə Heyətinin üzvü Qalib Məmməd açıb.
“Bir Sahibkarın Manifesti: Təhsildə və mədəniyyətdə xeyriyyəçilik ənənələrinin dirçəliş” mövzusunda panel müzakirəsində ASK-nın prezidenti Məmməd Musayev, Heydər Əliyev Fondu Regional İnkişaf İctimai Birliyi nümayəndəsi Şamil Əzizov, ADA Universiteti Fondunun prezidenti Natiq Hacıyev və başqaları çıxış edib.
Konfederasiyanın rəhbəri XIX əsrdə Azərbaycan sahibkarlarının dəstəyilə gənclərimizin xaricdə ali təhsil aldığını xatırladıb: “Ali təhsilli ziyalılarımızın çoxu o dövrdə milli burjuaziyanın, Tağıyev kimi sahibkarların köməkliyi ilə yüksək ali təhsil alaraq Vətənə döndülər və burada məktəblər açdılar”.
Məmməd Musayev İkinci Qarabağ müharibəsi dövründə və 2023-cü ildə Türkiyədə baş verən dəhşətli zəlzələ ilə bağlı Azərbaycan sahibkarlarının böyük vətənpərvərlik, xeyriyyəçilik nümayiş etdirdiyini, o cümlədən Korporativ Sosial Məsuliyyət çərçivəsində cəmiyyətimiz üçün faydalı olan layihələr həyata keçirdiklərini bildirib. Təhsilin, maarifçiliyin dəstəklənməsini prioritet istiqamət hesab edən Konfederasiya rəhbəri sahibkarları bölgələrdəki təhsil ocaqlarının inkişafına yönələn KSM layihələrini reallaşdırmağa dəvət edib.
Ölkəmizin görkəmli ziyalılarından biri olan, ADA Universitetinin rektoru Hafiz Paşayevin rəhbərliyi ilə Qazax Müəllimlər Seminariyasının yenidən qurulduğunu qeyd edib.
Qazax Müəllimlər Seminariyasının bərpasında ilk gündən aktiv iştirak edən Azərbaycan Sahibkarlar Konfederasiyasının Prezidenti Məmməd Musayevə təşəkkür sertifikatı təqdim edilib.