Sahilyanı ərazilərdə profilaktik tədbirlər davam etdirilir
Bakı, 18 iyul, AZƏRTAC
Paytaxtın Səbail, Xəzər, Qaradağ rayonlarında, Sumqayıt şəhərində, respublikanın Xızı, Siyəzən, Xaçmaz və Lənkəran rayonlarında Xəzər dənizinin sahilboyu ərazilərində keçirilən növbəti tədbirlər zamanı məişət tullantılarının tutumlardan kənar yerlərə atılması, tullantı təyinatlı suların kənar yerə axıdılması, qadağan olunmuş yerlərdə siqaret çəkilməsi, özbaşına tikinti işləri aparılması, meşə fonduna daxil olmayan ağac və kolların zədələnməsi halları müəyyən edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, məişət tullantılarını tutumlardan (urnalardan) kənar yerlərə atdığına görə 11, qadağan olunmuş yerlərdə siqaret çəkdiyinə görə 4, tullantı təyinatlı suları kənar yerə axıtdığına görə 6, özbaşına tikinti işləri apardığına, ağac və kolları zədələdiyinə görə isə 2 nəfər olmaqla ümumilikdə 23 nəfər barəsində polis əməkdaşları tərəfindən qanunvericiliyə uyğun tədbirlər görülüb.
“Bir daha diqqətə çatdırırıq ki, polis əməkdaşları tərəfindən davam etdirilən profilaktik tədbirlər ekoloji təhlükəsizliyin təmin olunmasına yönəlib. Polis əməkdaşları tərəfindən digər müvafiq dövlət qurumları ilə birgə Xəzər dənizinin sahilboyu ərazilərində ekoloji sabitliyin təmin olunması məqsədilə tədbirlər davam etdirilir”, - deyə məlumatda vurğulanıb.