“Şahin” hərbi-idman oyununun Balakən rayonu üzrə qalibi müəyyənləşib










Balakən, 9 aprel, Mustafa Dadaşov, AZƏRTAC
“Şahin” hərbi-idman oyunu üzrə respublika birinciliyinin Balakəndə keçirilən rayon mərhələsinin yarışları Katex kənd 1 nömrəli tam orta məktəbin komandasının qələbəsi ilə başa çatıb. Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Balakən rayonu üzrə gənclər və idman sektorunun, rayon Təhsil sektorunun, Gənclər evi sosial xidmət müəssisəsinin və Balakən Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 14 komanda mübarizə aparıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsindən məlumat verilib. Olimpiya İdman Kompleksində keçirilən yarışın əvvəlində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bildirilib ki, hərbi-idman oyununun keçirilməsində əsas məqsəd böyüməkdə olan gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsi işinə diqqəti daha da artırmaq, məktəbliləri hərbi-idman oyunlarına cəlb etməklə, onların ordu sıralarında xidmətə hazırlanmasına kömək etməkdən ibarətdir.
Əvvəlcə komandaların sıra hazırlığının səviyyəsi yoxlanılıb. Sonra komandalar estafet və fiziki hazırlıq mərhələləri üzrə yarışlarda qüvvələrini sınayıblar.
Rayon birinciliyinin qalibi olan Katex kənd 1 nömrəli tam orta məktəbin komandası, eyni zamanda, yarışın zona mərhələsində iştirak etmək hüququ qazanıb. Qabaqçöl qəsəbə və Mahamalar kənd tam orta məktəblərin komandaları müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar.