“ŞAHLAR ŞAHI” NƏŞR EDİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, hələ Azərbaycan Dövlət Universitetində oxuduğu illərdən “O mənim oğlumdur” pyesi ilə ədəbi aləmdə tanınan Əfqanın sonralar biri-birinin ardınca 6 dramı səhnə həyatı yaşamışdır. Lakin Azərbaycan oxucusu, eləcə də ədəbi tənqid onun yaradıcılığını daha çox nəsr əsərlərinə-hekayə, povest və romanlarına görə sevir və qiymətləndirir.
Oxuculara təqdim olunan “Şahlar şahı” romanı yazıçının, 1961-ci ildə kütləvi tirajla nəşr etdirdiyi “Bəy İnal” romanından sonra ikinci tarixi əsəridir. Kitabdakı hadisələr Azərbaycan tarixinin çox önəmli mərhələlərindən birini - tarixçilərin “türkzadə” adlandırdıqları İran şahı Xosrov Ənuşirəvanın hakimiyyət illərini əhatə edir.
Yazıçı həmin dövrü yaxşı öyrəndiyindən Xosrov Ənuşiravanı öz mühitində oxucuya hərtərəfli, ədalətli və müdrik şah kimi təqdim etməyi bacarmışdır. Kitabdakı hadisələr 27 sərlövhə altında verilmişdir və hər başlıqdan əvvəl təsvir olunan mövzuya uyğun bir aforizm işlədilmişdir.
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, filologiya elmləri doktoru, professor Azad Nəbiyev kitaba yazdığı “Ön söz”də çox haqlı olaraq “Şahlar şahı” romanını yazıçı Əfqanın hikmət kitabı adlandırmışdır.