“Salam, Rusiya!” proqramının iştirakçıları Rusiya şəhərlərində olublar
Bakı, 24 avqust, AZƏRTAC
“Salam, Rusiya!” proqramının Azərbaycandan olan iştirakçıları Rusiyanın Samara və Tolyatti şəhərlərində olublar.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, uşaqlar Samarada “Kosmik Samara” muzey-sərgi mərkəzini, “Stalinin bunkeri”ni, “Rusiya - mənim tarixim” tarixi parkını ziyarət edib, Volqa çayında gəmi gəzintisində olub, iştirakçı ölkələrin bayrağı rəngdə çərpələnglərin hazırlanması üzrə fləşmobda iştirak ediblər. Gənc soydaşlar Tolyatti şəhərində K.Q.Saxarov adına Texnika Tarixi Park-Kompleksi ilə də tanış olublar.
Uşaqlar tanışlıq axşamında Azərbaycanın vizit kartını təqdim edib, başqa ölkələrdən olan iştirakçıları milli şirniyyatlara qonaq ediblər.
Qeyd edək ki, “Salam, Rusiya!” proqramı “Rossotrudniçestvo” tərəfindən 2014-cü ildən bəri həyata keçirilir. Hər il 14-19 yaş arası 700-dən çox soydaş xarici ölkələrdən Rusiyaya gələrək, tarixi Vətənin müasir həyatı ilə tanış olmaq, onun çoxmillətli mədəniyyətini hiss etmək, rus dilində təcrübəsini artırmaq və başqa ölkələrdə dostlar qazanmaq fürsəti əldə edirlər.