SALOĞLU KƏNDİ YAXINLIĞINDAKI SURSAT ANBARININ TƏMİZLƏNMƏSİ İŞLƏRİNƏ BAŞLANMIŞDIR
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, NATO-nun maddi-texniki təchizat və yardım təşkilatı ilə əməkdaşlıq çərçivəsində yerli icra hakimiyyəti və Nazirlər Kabinetinin tapşırığı əsasında Ağstafa rayonunun Saloğlu kəndi yaxınlığında sursat anbarının təmizlənməsi işlərinə başlanmışdır. Anbarda uzun illər boyu açıq havada qalan və hər an partlaya bilən 40 minədək hərbi sursatın olduğu ehtimal edilir. Hər gün təqribən 1100 hərbi sursat anbardan çıxarılıb zərərsizləşdirmək üçün ANAMA-nın ləğvetmə ərazisinə göndərilir. Lakin sursatın çoxunu daşımaq mümkün olmadığına görə, elə yerindəcə zərərsizləşdiriləcəkdir. Təmizləmə işlərinin gedişinə yerli icra hakimiyyətinin nümayəndələri və polis əməkdaşları nəzarət edirlər.