Şamaxı qəzasının müsəlman əhalisinə həsr olunmuş yeni nəşr
Bakı, 9 yanvar, AZƏRTAC
“Azərbaycanı tanıyaq və tanıdaq” layihəsi əsasında “Bakı quberniyası Şamaxı qəzasının müsəlman əhalisi (XIX əsrin ikinci yarısı - XX əsrin əvvəllərində)” kitabı işıq üzü görüb.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, nəşrin tərtibçiləri AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş elmi işçisi Adil Mirabdullayev və həmin müəssisənin böyük elmi işçisi, layihənin rəhbəri Mirzə Ənsərlidir. Kitabın elmi redaktoru Tarix İnstitutunun aparıcı elmi işçisi dosent Nailə Hüseynova, rəyçiləri Folklor İnstitutunun aparıcı elmi işçisi professor Seyfəddin Qarayev və AMEA-nın Rəyasət Heyəti aparatının “Elm və həyat” jurnalının məsul katibi Sərvan Kərimovdur.
Kitabın əsasını 1840-1926-cı illərdə Bakı quberniyasında mövcud olmuş Şamaxı qəzasının müsəlman əhalisi haqqında arxivlərdən götürülmüş məlumatlar təşkil edir. Burada Şamaxı şəhərində və qəzanın kəndlərində yaşamış zadəganların və seyidlərin tərtib olunmuş siyahıları xüsusi yer tutur. Vəsaitdə XIX əsrin ikinci yarısı - XX əsrin əvvəllərində qəzanın ərazisində olmuş polis sahələri, kənd icmaları və kəndlər, qəzanın idarələrində çalışmış müsəlman məmurları haqqında da geniş məlumat verilib.
Nəşr geniş oxucu kütləsi üçün nəzərdə tutulub.