Şamaxıda leysan yağışlarının törətdiyi fəsadlar bir nəfərin həyatına son qoymuşdur
Şamaxı, 9 may (AZƏRTAC). Mayın 8-də yağan və günortadan sonra güclənən leysan yağışları və bunun nəticəsində yaranan sel-suları Şamaxı rayonuun bir sıra ərazilərində təbii fəlakətə səbəb olmuşdur.
AZƏRTAC xəbər verir ki, təbii fəlakət rayonun Ovculu kəndində bir nəfərin həyatına son qoymuşdur. Kəndin qoyun sürüsünü otaran 22 yaşlı Bilal Alməmmədov axşam tərəfi yaxınlıqdakı dərədən keçərkən leysan yağışların yaratdığı sel sularında boğularaq dünyasını dəyişmişdir. Həyata keçirilən axtarış tədbirləri nəticəsində təbii fəlakətin qurbanı olmuş gəncin cəsədi tapılmış və mayın 9-da dəfn olunmuşdur.
Güclü yağışlar Çarhan, Çöl Göylər, Bağırlı, Quşçu, habelə rayonun şimal ərazisindəki Qaleybuğurd kəndlərində əkin və bağ sahələrinə də xeyli ziyan vurmuşdur. Çarhan kəndinə yağışla bərabər dolu da düşmüşdür.
Güclü leysan yağışları nəticəsində yaranan sel suları Qaleybuğurd kənd yolunu bir neçə yerdən dağıdaraq avtomobillər üçün keçilməz etmişdir.
Şamaxı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri Qasım Qasımov AZƏRTAC-a bildirmişdir ki, yaradılmış opeprativ komissiya mayın 9-dan səhər tezdən etibarən təbii fəlakətin vurduğu ziyanın həcminin dəqiqləşdirilməsi və onun fəsadlarının aradan qaldırılması istiqamətində iş aparır. Hazırda Qaleybuğurd yolunun açılması üçün buraya xeyli texnika cəlb olunmuşdur.