Samuxda Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb, ağacəkmə aksiyası keçirilib
Samux, 12 dekabr, Vüsalə Cənnətova, AZƏRTAC
Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin vəfatının 22-ci ildönümü ilə bağlı Samuxda anım mərasimi keçirilib.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, rayon icra hakimiyyətinin başçısı Firdovsi Əliyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, ictimaiyyət nümayəndələri, sakinlər Ulu Öndər Heydər Əliyevin Samux şəhərində ucalan abidəsini ziyarət edərək, əziz xatirəsini böyük ehtiramla anıblar.
Anım mərasimində Ümummilli Lider, müdrik rəhbər və dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin formalaşması və möhkəmləndirilməsində müstəsna tarixi xidmətlərindən bəhs olunub. Ölkəmizin uzunmüddətli inkişaf strategiyasının müəyyən edilməsində Heydər Əliyev tərəfindən müəyyən olunan siyasi xəttin bu gün də uğurla davam etdirildiyini, regionların sosial-iqtisadi yüksəlişində həmin xəttin həlledici rol oynadığı qeyd edilib.
Anım mərasimi ilə əlaqədar Samux rayonunda ağacəkmə aksiyası da keçirilib. Samux-Kür yolunda rayonun iqlim şəraitinə uyğun 300 ədədə yaxın həmişəyaşıl ağac tingi əkilib.