Sankt-Peterburqda Rusiya imperiyasının general-adyutantı Hüseyn xan Naxçıvanskiyə abidə qoyulacaq
Bakı, 11 fevral, AZƏRTAC
Sankt-Peterburqda görkəmli sərkərdə, Rusiya imperiyasının general-adyutantı Hüseyn Xan Naxçıvanskiyə abidə qoyulacaq.
AZƏRTAC “fontanka.ru” saytına istinadla xəbər verir ki, böyük sərkərdəyə abidə şəhərin Petrograd tərəfində Malaya Posadskaya və Miçurin küçələrinin kəsişməsində qoyulacaq. Bu layihə şəhər şurasının bədii seksiyası tərəfindən bəyənilib.
Layihə sərkərdəyə qranit postament üzərində (hündürlüyü 2,75 metr) 2,5 metr hündürlüyündə tunc fiqurun qoyulması, habelə bütün meydançanın təşkilini nəzərdə tutur. Heykəltaraş Boris Petrov və memar Gennadi Peyçevin ərsəyə gətirəcək abidənin hazırlanmasına bir ilə yaxın vaxt sərf olunacaq.
Hüseyn Xan Naxçıvanski Rus-Yapon müharibəsində 2-ci Dağıstan süvari alayına, habelə Birinci Dünya müharibəsində süvari korpusuna komandirlik edib. O, rus imperator ordusunun tarixində yeganə müsəlman general-adyutant olub. Hüseyn Xan Naxçıvanski 15 Rusiya və 9 xarici dövlət mükafatları, o cümlədən III və IV dərəcəli “Müqəddəs Georgi” döyüş ordenləri və “İgidliyə görə” Qızıl silahın kavaleridir. General-adyutantın 1919-cu ilin yanvarında bolşeviklər tərəfindən güllələndiyi ehtimal edilir.