SİYASƏT
“SARI GƏLİN” LONDONDA AZƏRBAYCANLI, İNGİLİS VƏ ƏRƏBDƏN İBARƏT TRİONUN İFASINDA SƏSLƏNMİŞDİR
Azərbaycanın Böyük Britaniyadakı səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, London Universitetinin Şərq ölkələri və Afrika Tədqiqatlar Məktəbinin Musiqi Fakültəsində tələbələrin iştirakı ilə konsert proqramı təşkil edilmişdir.
Müxtəlif şərq xalqlarının milli musiqi nümunələrinin səsləndirildiyi bədii gecədə həmyerlimiz, skripkaçı Səbinə Rakçeyevanın rəhbərlik etdiyi trio (azərbaycanlı Səbinə Rakçeyeva-skripka, ingilis Ben Seller-klarnet, iraqlı Xəyyam Allami - ud) da musiqi nümunələri ilə çıxış etmişdir.
Trio Azərbaycan musiqisinin dəyərli nümunələrinə üstünlük vermiş, “Sarı gəlin” xalq mahnısını, “Hicaz” muğamını yüksək məharətlə səsləndirmişdir.
Bundan əlavə, S.Rakçeyeva özünün müəllifi olduğu “Düşüncələr” kompozisiyasını, eləcə də Baxın improvizasiyalarına əsaslanan nümunələri səsləndirmişdir. Həmyerlimiz özünün hazırladığı bu əsəri mənsub olduğu
xalqa və mədəniyyətə həsr etdiyini bildirmişdir.
Trionun çıxışı böyük maraqla qarşılanmış, sürəkli alqışlanmışdır.
Tədbirdə tələbə və müəllim heyəti, Londonda yaşayan müxtəlif şərq xalqlarının nümayəndələri, KİV nümayəndələri iştirak etmişlər.