Səbail rayonunda unlu məmulatların istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb
Bakı, 12 yanvar, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Bakının Səbail rayonunda A.Məmmədov küçəsi, ev 82 ünvanında fiziki şəxs Bayramova Raifə Sayad qızına məxsus unlu məmulatların istehsalı müəssisəsində yoxlama aparılıb.
Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə əməl edilmədiyi müəyyən edilib. Müəssisədə havalandırma sisteminin quraşdırılmadığı, əllərin, qida məhsullarının və istifadə edilən alətlərin yuyulması üçün ayrıca yuma çanağının təşkil edilmədiyi, pəncərələrin həşəratlara qarşı qoruyucu tor örtüklə təmin edilmədiyi, ağzı kip tullantı qablarının mövcud olmadığı, divarların hamar, asan yuyula bilən, yuyucu maddələrin və dezinfeksiyaedici vasitələrin təsirinə davamlı materialla üzlənmədiyi, sanitar qovşağın birbaşa qida məhsullarının emal olunduğu sahəyə açıldığı, işçi heyətin mütəmadi olaraq tibbi müayinədən keçirilmədiyi və xüsusi geyimlə, fərdi mühafizə vasitələri ilə təmin edilmədiyi aşkarlanıb.
Aşkar olunmuş pozuntularla əlaqədar müəssisənin fəaliyyəti məhdudlaşdırılıb, müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib.