SEÇİCİLƏR ÖZ İRADƏLƏRİNİ SƏRBƏSTŞƏKİLDƏ İFADƏ ETMİŞLƏR
Seçki Məcəlləsinin tələblərinə uyğun aparılan səsvermə prosesi aşkarlıq şəraitində keçirilmişdir. Beləliklə, müstəqil Azərbaycanda demokratiyanın inkişafı yolunda daha bir addım atılmışdır.
Seçki məntəqələrində səsvermə prosesi ilə bağlı müşahidələr, seçicilərlə aparılan söhbətlər onu deməyə əsas verir ki, insanlar özünüidarə orqanları olan bələdiyyələrə böyük ümid bəsləyir və elə buna görə seçkilərdə fəallıq nümayiş etdirirlər. Məsələn, 96 saylı Goranboy-Naftalan seçki dairəsinin 15 saylı məntəqəsində səs verən 70 yaşlı Zahid Əsgərov demişdir ki, yaşadığı Mollavazlı kəndində ilk dəfədir ki, bələdiyyəyə seçkilər keçirilir və kəndimizin bütün sakinləri kimi bu iş məni də sevindirir. Kənd ağsaqqalının fikirləri 99 saylı Şəmkir seçki dairəsinin Dəllər-Cəyirdəki 11 saylı seçki məntəqəsində səsverməyə gələn Nizami İbrahimov və Arif Əliyevin də dilindən eşidildi. Onlar bələdiyyələrin işgüzarlığına, kənd sakinlərinin problemlərinin həllində yaxından iştirak edəcəklərinə inandıqlarını bildirdilər.
Respublikanın qərb bölgəsində keçirilən bələdiyyə seçkilərindən müxalifət partiyalarının nümayəndələri də razı qaldıqlarını söylədilər. Seçici siyahılarına adları düşməyənlər olmadığından məhkəmələrə də müraciət edən olmamışdır. Müşahidəçilər seçkilərin gedişinə mənfi təsir göstərən heç bir qanun pozuntusunun qeydə alınmadığını və seçki prosesindən razı qaldıqlarını bildirdilər.
Axşam saat 19-dək davam edən seçki prosesi seçici fəallığı ilə keçmişdir. Dairə seçki komissiyalarından aldığımız ilkin məlumata görə 96 saylı Goranboy-Naftalan seçki dairəsində seçicilərin 25,4 faizi, 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsində 41 faizi, 98 saylı Şəmkir şəhər seçki dairəsində 43,3 faizi, 99 saylı Şəmkir kənd seçki dairəsində 27,47 faizi, 100 saylı Şəmkir-Daşkəsən seçki dairəsində 23,37 faizi, 101 saylı Xanlar seçki dairəsində 37 faizi, 102 saylı Samux-Şəmkir seçki dairəsində 34,2 faizi, 104 saylı Gədəbəy-Tovuz seçki dairəsində isə 31 faizi seçkilərdə iştirak etmişdir. Bu da respublikanın qərb bölgəsində bələdiyyə seçkilərinin uğurla keçdiyini göstərir.