SEÇKİLƏRİN ƏDALƏTLİ, DEMOKRATİK VƏ ŞƏFFAF KEÇMƏSİ ÜÇÜN HƏR CÜR ŞƏRAİT YARADILMIŞDIR
M.Pənahov bildirmişdir ki, 4524 namizəd 82 seçki dairəsini əhatə edən 940 seçki məntəqəsində 1931 yer uğrunda mübarizə aparacaqdır. Seçici siyahılarında 810 minə yaxın seçici qeydə alınmışdır.
Seçkilərin ədalətli, demokratik və şəffaf keçirilməsi məqsədi ilə MSK-nın üzərinə düşən vəzifəni uğurla həyata keçirdiyini diqqətə çatdıran sədr bildirmişdir ki, seçici siyahılarının hazırlanması, namizədlərin qeydə alınması, təbliğat kampaniyasının aparılması ilə bağlı problem yaranmamış, şikayətlər daxil olmamışdır.
Seçkiləri xeyli sayda yerli və xarici müçahidəçinin izləyəcəyini bildirən M.Pənahov demişdir ki, onların arasında Ukrayna Mərkəzi Seçki Komissiyasının sədrinin rəhbərliyi altında ölkəmizə gələcək nümayəndə heyəti, Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin nümayəndə heyəti, habelə Azərbaycandakı səfirliklərin və beynəlxalq təşkilatların ölkəmizdəki təmsilçiliklərinin əməkdaşları da vardır.
MSK sədri məlumat vermişdir ki, seçki marafonu ərzində geniş maarifləndirici tədbirlər görülmüş, Mərkəzi Seçki Komissiyasının üzvləri mütəmadi olaraq televiziya və dövrü mətbuatda çıxışlar etmişlər. Bundan əlavə, MSK aşağı seçki komissiyalarının üzvləri üçün seminar-müşavirələr və treninqlər keçmişdir.
Oktyabrın 6-da Mərkəzi Seçki Komissiyasının “Seçkilər” İnformasiya Mərkəzində seçkilərin gedişinə dair məlumatlar vaxtaşırı açıqlanacaqdır.