Şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb
Bakı, 8 aprel, AZƏRTAC
“Qayğıya ehtiyacı və əlilliyi olan şəxslərə dəstək” İctimai Birliyi tərəfindən şəhid ailələri və qazilər üçün iftar süfrəsi təşkil edib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi yad olunub.
Tədbirdə çıxış edən İctimai Birliyin sədri Yasəmən Qəyyumlu Ramazan ayının əsas özəlliklərindən, fəzilətlərindən danışıb. Bu müqəddəs ayda lütf, mərhəmət qapılarının açıq olduğunu, Uca Yaradanın bərəkəti, rəhməti öz bəndələrindən əsirgəmədiyini qeyd edib. “On bir ayın sultanı olan Ramazanda insanlar bir ay boyunca oruc tutur, günahların bağışlanması, duaların qəbul olunması üçün əllərini haqqın dərgahına açırlar. Müsəlmanlar bir süfrə ətrafında toplaşaraq ruzilərini bölüşür, Ramazan ayının müqəddəs adətlərini icra edərək yaşadır, doğmalarını, aztəminatlı ailələri, xüsusi qayğıya ehtiyac olanları, həssas qəbildən olanları ziyarət edirlər: “Biz də müqəddəs ayın adətlərinə uyğun olaraq şəhid ailələrini, Vətən müharibəsinin iştirakçılarını, aztəminatlı ailələri, media nümayəndələrini və birliyin fəal tərəfdaşlarını bir araya toplayaraq iftar süfrəsi təşkil etdik. İftar süfrəsində hər birimiz üçün dəyərli olan şəhidlərimizin əmanətləri və igid döyüşçülərimizlə bir arada olmaq xüsusi əhəmiyyət kəsb edir. Biz bu savab addımla Vətən uğrunda canlarını fəda edənlərin yadigarları, torpağımızın müdafiəçiləri və qazilərin yanında olduğumuzu, müqəddəs torpaqlarımızı azğın düşməndən azad edərək əbədi və əzəli sahiblərinə qaytaran igid oğullarımızı düşündüyümüzü, onların bu əvəzsiz və şərəfli işinə dəyər verdiyimizi nümayiş etdirmək istəyirik. Uca Yaradandan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa, Ali Baş Komandan, Prezident İlham Əliyevə və onun rəhbərlik etdiyi yenilməz və güclü ordumuzun əsgərlərinə cansağlığı arzulayıram”.
İslam dininin şəhidlərə verdiyi yüksək dəyərdən danışan Milli Məclisin deputatı Razi Nurullayev deyib: “Azərbaycan dövləti Qarabağ torpağında qan tökərək onu düşməndən azad edən qəhrəman oğulların fədakarlığını hər cür qayğı və sosial dəstək tədbirləri ilə qarşılayır. Bizə böyük Zəfər sevinci yaşadanlar hər cür qayğı və ehtirama layiqdirlər. Lakin xalqımızın əldə etdiyi bu Qələbəni qısqanclıqla qarşılayanlar da var. Hazırda Azərbaycan müxtəlif ölkələr tərəfindən təzyiqlərə məruz qalır. Ermənistan və onun havadarları haqq savaşında qazandığımız Qələbəni həzm edə bilmir, müxtəlif vasitələrlə yenidən müharibə ocağı alovlandırmağa çalışırlar. Odur ki, Vətən müharibəsində olduğu kimi həmrəy olmalı, hər birimiz öz sahəmizdə təzyiqlərin qarşısını almalıyıq. Həm hökumətin, həm ictimai fəalların, həm də sıravi vətəndaşların qarşısında dayanan ən böyük vəzifələrdən biri şəhid ailələri və qazilərə dəstək olmaqdır. Onların problem və çətinliklərinin həlli hər birimiz üçün ümdə vəzifə olmalıdır”.
İftar süfrəsindən əvvəl Tibb Universitetinin dosenti Rəşid Mahmudov, “Ədalət yolu” qəzetinin baş redaktoru Lalə Həşimova, “Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatının sədri Qalib Əliyev və başqaları çıxış edərək, belə bir gündə şəhid ailələri və qazilərlə bir yerdə olmaqdan məmnunluqlarını bildiriblər.
Şəhid ailələrinin nümayəndələri, qazilər göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə edib, xalqımıza sülh və əmin-amanlıq arzulayıblar.
Tədbirdə “Qurani-Kərim”dən ayə və surələr oxunub, şəhidlərin ruhuna dualar edilib, mahnılar, musiqi nömrələri səsləndirilib.