Şəhid Həsənağa Abdullazadənin şəxsi əşyaları Tarix Muzeyinə təqdim olunub
Bakı, 21 iyul, AZƏRTAC
Vətən müharibəsi şəhidi, baş leytenant Həsənağa Abdullazadənin şəxsi əşyaları - kitel və şalvar, kəmər, saat, pulqabı, fotoşəkil, habelə şəhidə həsr olunmuş “Zəfərimizin Qəhrəmanı” adlı kitab onun ailəsi tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinə təqdim olunub.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.
Həsənağa Abdullazadə 1993-cü ildə Lənkəran şəhərində anadan olub. 1999-2007-ci illərdə 9 nömrəli tam orta məktəbdə təhsil alıb. 2007-ci ildə C.Naxçıvanski adına Hərbi Liseyə daxil olub və 2014-cü ildə liseyi bitirərək “leytenant” rütbəsi alıb. H.Abdullazadə elə həmin ildə Azərbaycan Silahlı Qüvvələrinin Təlim-Tədris Mərkəzinin zabit təkmilləşdirmə kursuna daxil olub.
O, 2015-2016-cı illərdə Gədəbəy rayonu “N” saylı hərbi hissənin ön xəttində taqım komandiri vəzifəsinə təyin edilib. 2017-ci ildə ona “baş leytenant” rütbəsi verilib. H.Abdullazadə 2018-ci ilin oktyabr ayından Göygöl rayonu “N” saylı hərbi hissədə bölük komandiri vəzifəsində çalışıb.
O, Vətən müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə igidlik nümunəsi göstərib və şəhidlik Zirvəsinə ucalıb.
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Həsənağa Abdullazadə “Kəlbəcərin azad olunmasına görə” medalı və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib.