Şəhidlərimizin xatirəsi bizim üçün daim əzizdir
Bakı, 26 fevral (AZƏRTAC). Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsini ilhaq etmək məqsədilə apardığı işğalçılıq müharibəsinin gedişində azərbaycanlılara qarşı törətdiyi soyqırımının ən dəhşətlisi Xocalı qətliamıdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri fevralın 26-da Bakıda Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar ümumxalq yürüşündə iştirak edən Bakı sakini Ələddin Abbasov bildirmişdir.
Ə.Abbasov vurğulamışdır ki, Xocalı soyqırımının beynəlxalq müstəvidə tanıdılması və erməni faşizminin ifşası ilə bağlı ilk təşəbbüs ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonrakı dövrə təsadüf edir. Məhz ulu öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etmiş, BMT-yə, dünya dövlətlərinə bu qətliamın mahiyyətini açıqlayaraq beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırmışdır.
20 ildə Xocalı həqiqətlərinin dünyaya tanıdılması, Ermənistanın havadarlarının dəstəyi ilə həyata keçirdiyi insanlıq əleyhinə cinayətin beynəlxalq miqyasda ifşası istiqamətində xeyli iş görülmüş, xarici dillərdə kitablar, sənədlər dərc olunmuş, Xocalı genosidi müxtəlif beynəlxalq təşkilatlarda gündəmə gətirilmiş, bir çox internet saytı yaradılmışdır.
Şəhidlərimizin xatirəsi bizim üçün daim əzizdir. Onların xatirəsini anmaq isə hər bir azərbaycanlının vətəndaşlıq borcudur. Allah bütün şəhidlərimizə rəhmət eləsin!