SƏHİYYƏ NAZİRLİYİNDƏ GÖRÜŞ
Nazir səhiyyə sistemində aparılan islahatlardan danışaraq, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın başçılıq etdiyi Heydər Əliyev Fondunun bu istiqamətdə səmərəli fəaliyyətini vurğuladı. Səhiyyə sistemində islahatlara dair layihəyə 50 milyon dollar həcmində kredit ayrılması haqqında həmin gün Dünya Bankı ilə Azərbaycan hökuməti arasında imzalanmış saziş barədə də məlumat verdi.
O.Şirəliyev gürcü həmkarı ilə birbaşa əlaqələr yaradılmasının zəruriliyindən söhbət açaraq dedi ki, Gürcüstan alimləri Bakıda keçirilən müxtəlif tibb forumlarında fəal iştirak edirlər.
Gürcüstanın birinci xanımı təhlükəli sosial xəstəliklərdən olan vərəmin profilaktikası və onunla mübarizə məsələlərində Azərbaycan və Gürcüstan həkimləri arasında əməkdaşlığı gücləndirməyin zəruriliyini vurğuladı. O, Azərbaycanın səhiyyə nazirini noyabrda Tbilisidə keçiriləcək vərəmə dair beynəlxalq konfransda iştiraka dəvət etdi.
X X X
Elə həmin gün xanım Rulofs 4 nömrəli vərəm əleyhinə dispanserdə oldu. Səhiyyə naziri Oqtay Şirəliyev hörmətli qonağı bu tibb ocağının fəaliyyəti ilə tanış edərək dedi ki, Azərbaycan Tibb Universitetinin ağciyər xəstəlikləri kafedrası məhz burada fəaliyyət göstərir. O, Azərbaycanda vərəmin müalicəsi sahəsində, o cümlədən penitensiar müəssisələrdə bu istiqamətdə görülən işlərdən danışdı.
Gürcüstan Prezidentinin xanımı palatalara baxdı, dispanserin əməkdaşları ilə söhbət etdi.
Xanım Rulofs dispanserdə müalicə olunan balaca xəstələrə oyuncaqlar hədiyyə etdi.