ŞƏKİ-BALAKƏN BÖLGƏSİNDƏ BƏLƏDİYYƏSEÇKİLƏRİNİN İLKİN NƏTİCƏLƏRİ UĞURLU OLMUŞDUR
Oktyabrın 6-da bu rayonlarda fəaliyyət göstərən 9 seçki dairəsi üzrə təşkil edilmiş 112 seçki məntəqəsində 84 bələdiyyəyə təkrar, əlavə və yeni seçkilər keçirilmişdir. Bu dairələr üzrə 179 bələdiyyə üzvü yeri uğrunda 479 namizəd mübarizə aparmışdır. Onlardan 212 nəfəri Yeni Azərbaycan Partiyasını, qalanları isə digər siyasi partiyaları və bitərəfləri təmsil etmişdir.
Seçkilərin gedişini müxtəlif ictimai birlikləri və siyasi partiyaları təmsil edən 1166 nəfər yerli müşahidəçi, məşvərətçi səs hüquqlu komissiya üzvləri, namizədlərin vəkilləri, habelə ATƏT-in və digər beynəlxalq təşkilatların nümayəndələri izləmişlər. Səsvermənin azad, şəffaf və demokratik keçməsi üçün bütün məntəqələrdə lazımi şərait yaradılmış, seçki məntəqələri zəruri texniki vasitələrlə, o cümlədən çiləyicisi olan mürəkkəb balonları və ultrabənövşəyi lampalarla təchiz edilmişdir.
Seçkilərin ilkin yekunlarına görə, Şəki-Balakən bölgəsi rayonlarının 9 seçki dairəsi üzrə adları seçici siyahılarına daxil edilmiş 94 min 454 seçicinin 31 min 397 nəfəri və yaxud ümumi seçicilərin 33,2 faizi səsvermədə iştirak etmişdir. Bölgə üzrə ən yüksək seçici fəallığı 111 saylı Zaqatala-Balakən seçki dairəsində qeydə alınmışdır. Bu dairədə adları seçici siyahılarına daxil edilmiş 3056 seçicinin 1211 nəfəri və yaxud 39,6 faizi səsvermədə iştirak etmişdir. Ən aşağı seçici fəallığı isə 114 saylı Şəki kənd birinci seçki dairəsində qeydə alınmışdır. Bu dairədə seçicilərin yalnız 19,2 faizi səsvermədə iştirak etmişdir.
Ayrı-ayrı seçki dairələri üzrə səsvermənin yekun nəticələri aşağıdakı kimi olmuşdur:
109 saylı Balakən seçki dairəsində 22005 seçicinin 8055 nəfəri və ya 36,6 faizi səsvermədə iştirak etmişdir. 9 bələdiyyəyə 51 üzvün seçildiyi bu dairədə 108 namizəd mübarizə aparmışdır. Seçkilərin keçirildiyi 18 məntəqədə səsvermənin gedişini 216 yerli müşahidəçi izləmişdir. Səsvermə zamanı heç bir qanun pozuntusu qeydə alınmamışdır.
110 saylı Zaqatala seçki dairəsində 6 bələdiyyəyə 6 üzv yeri uğrunda 19 namizəd mübarizə aparmışdır. Seçkilərin ilkin nəticələrinə görə, 10 min 692 seçicinin 3 min 469 nəfəri və ya 32,4 faizi səsvermədə iştirak etmişdir.
111 saylı Zaqatala-Balakən seçki dairəsində Balakən rayonunun Hənifə bələdiyyəsinə təkrar seçkilər keçirilmişdir. Burada 11 yer uğrunda 21 namizəd mübarizə aparmışdır. Səsvermədə seçicilərin 39,6 faizi və ya 1211 nəfər iştirak etmişdir.
112 saylı Qax seçki dairəsi üzrə 20 bələdiyyəyə boş qalmış 30 yer uğrunda 94 namizəd mübarizə aparmışdır. 20 seçki məntəqəsində keçirilən səsvermədə seçicilərin 4365 nəfəri və ya 33,8 faizi iştirak etmişdir. Məntəqələrdə seçkilərin gedişini yerli müşahidəçilərlə yanaşı, ABŞ-ın Azərbaycandakı səfirliyinin və ATƏT-in nümayəndələri də izləmişdir.
113 saylı Şəki şəhər seçki dairəsi üzrə Qoxmuq bələdiyyəsinə boş qalmış 2 yer uğrunda 6 namizəd mübarizə aparmışdır. Seçkilərin ilkin nəticələrinə görə, 2970 seçicinin 822 nəfəri və ya 27,6 faizi səsvermədə iştirak etmişdir. Dairə və məntəqələrdə səsvermənin gedişini yerli müşahidəçilərlə yanaşı, Avropa Şurası Seçki Müşahidə Missiyasının nümayəndələri Karolina Martin və Veronika Mayera izləmişlər.
114 saylı Şəki kənd birinci seçki dairəsi üzrə 3 bələdiyyəyə 4 yer uğrunda 15 namizəd mübarizə aparmışdır. Seçkilərin keçirildiyi 5 məntəqədə 5570 nəfər seçicinin 1068 nəfəri və ya 19,2 faizi səsvermədə iştirak etmişdir.
115 saylı Şəki kənd ikinci seçki dairəsində 13 bələdiyyəyə 16 yer uğrunda 57 namizəd mübarizə aparmışdır. Səsvermənin keçirildiyi 17 seçki məntəqəsində seçicilərin ümumi sayı 13967 nəfər olmuşdur. Onlardan 2916 nəfəri və ya 20,9 faizi səsvermədə iştirak etmişdir. Seçkilərin gedişini 213 yerli müşahidəçi izləmişdir.
116 saylı Qəbələ seçki dairəsində isə seçkilərin ilkin nəticələrinə görə, seçicilərin 30,6 faizi və ya 3219 seçici səsvermədə iştirak etmişdir. Bu dairədə 18 bələdiyyəyə boş qalmış 34 yer uğrunda 91 namizəd mübarizə aparmışdır.
117 saylı Oğuz-Qəbələ seçki dairəsində isə 12 bələdiyyə üzrə 21 yerə 68 namizəd iddialı olmuşdur. Seçkilərin keçirildiyi 16 məntəqədə adları seçici siyahılarına daxil edilmiş 12777 seçicinin 4562 nəfəri və yaxud 35,7 faizi səsvermədə iştirak etmişdir. Seçkilərin gedişini 151 yerli müşahidəçi izləmişdir. Səsvermə prosesində heç bir qanun pozuntusu qeydə alınmamışdır.