Şəki Teatrı paytaxt teatrsevərlərinə “Dar ağacı” tamaşasını təqdim edəcək
Şəki, 1 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Mədəniyyət Nazirliyinin müvafiq məktubuna əsasən, Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrasını təmin etmək, eyni zamanda, ölkə teatrlarının qarşılıqlı yaradıcılıq fəaliyyətinin dəstəklənməsi məqsədilə Şəki Dövlət Dram Teatrı dekabrın 2-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində teatrsevərlərə “Dar ağacı" tamaşasını təqdim edəcək. Tamaşa Xalq şairinin 100 illik yubileyinə həsr olunub.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə teatrın ədəbi dram hissə rəhbəri Lalə Məmmədova məlumat verib.
Tarixi dramda Azərbaycanın Ərəb xilafətinə, yadelli işğalçılara qarşı azadlıq mübarizəsindən bəhs olunur.
Tamaşanın quruluşçu rejissoru teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mirbala Səlimli, quruluşçu rəssamı və geyim üzrə rəssamı Nicat Məmmədov, mahnıların bəstəkarı Xatirə Orucova, baletmeysteri Çingiz Novruzəliyev, vokal üzrə müəllim Fərqanə Salamovadır. Tamaşanın musiqisi bəstəkar, Xalq artisti Aqşin Əlizadəyə, səhnə döyüşlərinin qurulması Sahib Novruzova məxsusdur.
Səhnə əsərində rolları Əməkdar artistlər Xanlar Həşimzadə (Ağsaqqal), Əbülfət Salahov (İbn Zeyd), Rəhim Qocayev (Babəkin teyfi), aktyorlar Xəyal Salahov (Akşin), Rəşid Mirizadə (Sabutay), Lalə Məmməd (Ana), Gülxar İmamhüseynova (Çılğın), Fərahim Fətəliyev (İbn Tahir), Pərviz İsmayılov (İbn Süheyl), Elvin Mabudov (Altay), Nazilə İmamhüseynova (Xala), Azad Məmmədov (Yarqıtay), Arzuman Abdullayev, Cavidan Eminov (ərəb əsgərləri) ifa edəcəklər.