Şəki-Zaqatala bölgəsində baş vermiş zəlzələ bəzi fəsadlar törətmişdir
Zaqatala, 7 may (AZƏRTAC). Mayın 7-də Zaqatala bölgəsində baş vermiş zəlzələ nəticəsində rayonlarda xoşbəxtlikdən insan tələfatı olmamışdır. Lakin bəzi ictimai binalara və fərdi evlərə müəyyən ziyan dəymişdir.
Zaqatala Rayon Fövqəladə Hallar Komissiyasının sədri Elman Ramazanovun AZƏRTAC-a verdiyi məlumata görə, səhər saatlarında rayonun Uzuntala kəndi istiqamətində baş vermiş zəlzələ ilə əlaqədar komissiyanın təcili iclası keçirilmiş, işçi qrupları dürüstləşmə aparmaq üçün Zaqatala şəhərinə və kəndlərə göndərilmişdir. İlkin məlumata görə, zəlzələ nəticəsində insanlar arasında tələfat və ya ciddi xəsarət alanlar olmamışdır. Lakin tikililərə ziyan dəyməsi barədə məlumatlar daxil olmaqdadır. Yerlərdən alınan məlumata görə, Bazar və Çobankol kəndlərinin hər birində bir ev uçmuşdur. Şəhərdə bir-neçə fərdi evin, inzibati binaların, o cümlədən Rayon İcra Hakimiyyətinin, Bölgə Təcrübə Stansiyasının, məcburi köçkünlərin yaşadığı köhnə internat məktəbinin binalarında çatlar əmələ gəlmişdir. Hava Limanının binasına da ziyan dəydiyi barədə məlumat vardır.
Balakən Rayon Fövqəladə Hallar Komissiyasının sədri Azad Balayev AZƏRTAC-a bildirmişdir ki, zəlzələ nəticəsində insanlar arasında xəsarət alan yoxdur. Lakin komissiyaya Katex kəndindəki 1 saylı, şəhərdəki 2 saylı, Qarahacılar, Kortala, Şambul kənd məktəblərinin, habelə peşə məktəbi binasının divarlarında çatlar əmələ gəldiyi ilə bağlı məlumatlar daxil olmuşdur. Bundan əlavə, Rayon İcra Hakimiyyətinin, şəhər bələdiyyəsinin, bir neçə sərhəd zastavasının binalarına, habelə bəzi yaşayış və inzibati binalara da müəyyən ziyan dəymiş, Hənifə və Kortala kəndlərində bir neçə evin damı, Qazma kəndində isə divar uçmuşdur.
Baş vermiş zəlzələ nəticəsində Qax və Şəki rayonlarında da bəzi köhnə evlərə və ictimai binalara müəyyən ziyan dəymişdir.
Hazırda bu rayonların fövqəladə hallar komissiyaları zəlzələ ilə bağlı operativ tədbirlər görür, dəqiqləşdirmə işlərini davam etdirirlər.