ŞƏKİDƏ DÖVLƏT MÜSTƏQİLLİYİGÜNÜ GENİŞ QEYD OLUNMUŞDUR
Şəhər icra hakimiyyətinin başçısı Nazim İbrahimovun təbrik sözündən sonra şəhər icra hakimiyyəti başçısının müavini Zərinə Cavadovanın “Azərbaycanın dövlət müstəqilliyi əbədidir” mövzusunda geniş məruzəsi dinlənilmişdir. Məruzədə 1991-ci ilin oktyabrında Azərbaycanın dövlət müstəqilliyinin rəsmən elan edilməsindən sonra ölkəmizin üzləşdiyi ağır vəziyyət, ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra müstəqilliyimizin qorunub saxlanması və əbədi edilməsi uğrunda apardığı qətiyyətli mübarizədən, hazırda Prezident İlham Əliyevin dövlətçiliyimizin daha da möhkəmləndirilməsi istiqamətində gördüyü işlərdən danışılmışdır. Xüsusi vurğulanmışdır ki, bayram ərəfəsində Azərbaycan Prezidentinin Şəkiyə gəlişi, modul tipli elektrik stansiyanın və “Şəki Saray” hotelinin açılışında iştirak etməsi, prezidentlik fəaliyyətinin üçüncü ildönümü tədbirlərində şəkililərlə birgə olması dövlət başçısının bu şəhərə və onun sakinlərinə olan böyük sevgi və məhəbbətinin parlaq təzahürüdür.
Yığıncaqda çıxış edənlər müstəqilliyimizin və dövlətçiliyimizin memarı və qurucusu ümummilli liderimiz Heydər Əliyevin əvəzsiz tarixi xidmətlərini bir daha yada salmış, onun ideya və arzularını ardıcıl surətdə həyata keçirən Prezident İlham Əliyevə gələcək fəaliyyətində daha böyük uğurlar diləmişlər.