“SƏMƏD VURĞUN TƏSVİRİ SƏNƏTDƏ” ADLI SƏRGİ AÇILMIŞDIR
Səməd Vurğunun 100 illik yubileyi çərçivəsində keçirilən tədbirdə Azərbaycan rəssamlarının xalq şairinə, onun əsərlərinə həsr olunmuş boyakarlıq və qrafika janrında 70 əsəri nümayiş etdirilir. Onlardan 40-ı yeni, qalanı isə böyük sənətkarın ev-muzeyinin fondundandır.
Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov, Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, əməkdar rəssam, ittifaqın kitab qrafikası bölməsinin müdiri Arif Hüseynov və başqaları Azərbaycan mədəniyyətinin və ədəbiyyatının inkişafında S.Vurğunun əvəzsiz xidmətlərindən danışmış, böyük şairin yubileyinin bütün bölgələrdə qeyd olunduğunu vurğulamış, Heydər Əliyev adına Sarayda bayram əhval-ruhiyyəli respublika tədbirinin keçirildiyini xatırlatmışlar. Natiqlər bildirmişlər ki, S.Vurğuna və onun əsərlərinə təkcə təsviri sənətin yaşlı və orta nəsil nümayəndələri deyil, həm də Ramin Əliyev, Etibar Aslanov, Mətanət Aslanova kimi gənc nümayəndələri də müraciət etmişlər. Bu faktın özü şairin əbədiyaşarılığına sübutdur.
Tədbirdə şair Musa Ələkbərli S.Vurğuna həsr etdiyi şeirini oxumuşdur.
Aybəniz Vəkilova atasının xatirəsinə göstərilən diqqət və ehtirama görə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmişdir.