Şəmkirdə probasiya qeydiyyatında olan məhkumlara hüquqi yardım göstərilib
Bakı, 22 dekabr, AZƏRTAC
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Vəkillər Kollegiyası və Ədliyyə Nazirliyinin Probasiya xidməti tərəfindən probasiya qeydiyyatında olan şəxslərin hüquq və azadlıqlarının təmin olunması məqsədilə ödənişsiz hüquqi yardım aksiyaları keçirilir. Növbəti hüquqi yardım aksiyası Vəkillər Kollegiyasının Hüquqi Yardım Mərkəzinin təşkilatçılığı ilə Probasiya xidmətində həyata keçirilib.
Kollegiyadan AZƏRTAC-a verilən məlumata görə, aksiya çərçivəsində Şəmkir rayon Vəkil Bürosunun vəkilləri tərəfindən Ədliyyə Nazirliyinin Şəmkir rayon icra və probasiya şöbəsində qeydiyyatda olan 15 nəfər qəbul edilib.
Vətəndaşların üzləşdikləri hüquqi problemlər dinlənilib, onların həlli ilə bağlı müvafiq tədbirlər görülüb, eləcə də müxtəlif hüquqi məsələlər üzrə şifahi və yazılı izahatlar verilməklə hüquqi yardım göstərilib.