CƏMİYYƏT
Şəmkirdə sahibkarlara bitki sağlamlığı barədə zəruri məlumatlar verilib



Bakı, 27 sentyabr, AZƏRTAC
Şəmkir rayonunda bitki mühafizə vasitələrindən və aqrokimyəvi maddələrdən düzgün istifadə qaydaları ilə bağlı maarifləndirici görüş keçirilib.
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) iştirakı ilə keçirilən tədbirdə bitkiçilik məhsullarının istehsalı ilə məşğul olan sahibkarlar və aqronomlar iştirak ediblər.
AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, iştirakçılara agentliyin təşkilatçılığı və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dəstəyi ilə “Pestisidlərin həyat dövriyyəsinin idarə edilməsi” mövzusunda keçirilmiş regional seminar barədə məlumat verilib. Kimyəvi mübarizə zamanı təhlükəsizlik qaydalarına əməl olunması, yüksək toksiki-ekoloji təhlükəli preparatlardan istifadə qaydaları, istifadə müddəti bitmiş, istifadəyə yararsız bitki mühafizə vasitələri və gübrələrə dair tələblər və onların məhvedilməsi (zərərsizləşdirilməsi də daxil olmaqla) qaydaları, eləcə də ilkin istehsal sahələrində “Bitki sağlamlığının izlənilməsi” və “Bitki mühafizə vasitələrinin, pestisidlərin və gübrələrin anbar sahəsinə mədaxil və məxaricinin uçotu”nun aparılması qaydaları izah edilib.
Görüşdə sahibkarların sualları cavablandırılıb, sahə üzrə qanunvericiliyin tələbləri qeyd edilib, pestisidlərin tətbiqi zamanı ətraf mühitin çirklənməsinin və zəhərlənmə hallarının qarşısının alınması üçün zəruri məlumatlar çatdırılıb, həmçinin çap materialları paylanıb.