“Şərq-Qərb nəqliyyat dəhlizində logistika, idarəetmə və istismar problemləri“ mövzusunda beynəlxalq konfrans keçiriləcək
Bakı, 3 iyul, AZƏRTAC
AMEA-nın İdarəetmə Sistemləri İnstitutu, Azərbaycan Texniki Universiteti, Polşanın Sileziya Texnoloji Universiteti və Gürcüstanın Texniki Universitetinin birgə təşkilatçılığı ilə oktyabrın 27-dən 29-dək “Şərq-Qərb nəqliyyat dəhlizində logistika, idarəetmə və istismar problemləri“ mövzusunda beynəlxalq konfrans keçiriləcək.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, konfransda Polşa, Almaniya, Rusiya, Ukrayna, Rumıniya, Litva, Gürcüstan, Bolqarıstan, Belarus, Qazaxıstan və digər ölkələrin nümayəndələrinin iştirakı nəzərdə tutulub. Beynəlxalq konfransa qəbul edilmiş məqalələrin “IEEE Xplore” elektron kitabxanada yerləşdirilməsi və seçilmiş məqalələrin "Informatics and Control Problems" və “SCOPUS” bazasında 1.8 impakt faktorlu “Transport Problems” jurnallarında çapı nəzərdə tutulur.
Şərq-Qərb nəqliyyat dəhlizi keçmiş İpək Yolunun ayrılmaz hissəsi olub, regional iqtisadi əməkdaşlıq üçün yeni mexanizmlərin inkişafını tələb edən təşəbbüsdür. Üzv ölkələr arasında iqtisadi inkişafı, mədəni mübadiləni və kommunikasiyanı gücləndirir.
Konfransın əsas məqsədi elmi-tədqiqat müəssisələrindən, universitetlərdən, beynəlxalq təşkilatlardan, dövlət və özəl sektorlardan olan nümayəndələri bir araya gətirib Şərq-Qərb Nəqliyyat Dəhlizi ilə yüklərin daşınması üçün təchizat zəncirində olan elmi və praktiki problemləri müzakirə etməkdir.