Şərqi Zəngəzur Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib
Bakı, 12 sentyabr, AZƏRTAC
Şərqi Zəngəzur Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib.
Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Konfrans Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov çıxış edərək ötən tədris ilində əldə olunan nailiyyətlər, təhsil islahatları, yeni tikilən məktəblər, şagird davranış qaydaları barədə danışıb, yeni dərs ilinin əsas hədəflərini konfrans iştirakçılarının nəzərinə çatdırıb.
Daha sonra Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov ötən tədris ilinə dair hesabatla çıxış edib.
Konfransda, həmçinin 2022-2023-cü tədris ilində nümunəvi fəaliyyətləri ilə seçilən məktəblər, direktorlar, müəllimlər təltif olunub.
Tədbir bədii proqramla yekunlaşdırılıb.
Konfransda Qubadlı, Kəlbəcər, Laçın, Cəbrayıl və Zəngilan rayonları üzrə təhsil sektorlarının əməkdaşları, həmin rayonlarda çalışan məktəb direktorları, müəllimlər və tədris ili ərzində müxtəlif olimpiada və müsabiqələrin qalibi olan şagirdlər iştirak ediblər.