Şərqşünaslıq İnstitutunda Milli Qurtuluş Gününə həsr olunan tədbir
Bakı, 14 iyun, AZƏRTAC
İyunun 14-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda 15 İyun - Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbiri açan AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən Şərqşünaslıq İnstitutunun baş direktoru akademik Gövhər Baxşəliyeva ölkəmizin ötən əsrin 90-cı illərinin əvvəllərində düşdüyü siyasi və iqtisadi böhran vəziyyətindən danışaraq, 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın tələbi ilə respublikanın ən çətin vaxtında hakimiyyətə qayıdışı nəticəsində ölkədə hərc-mərcliyə, xaosa son qoyulduğunu qeyd edib.
Akademik G.Baxşəliyeva Ümummilli Liderin qısa müddətdə insanlarda gələcəyə böyük inam yaratdığını, ölkəmizin yüksək iqtisadi inkişafının əsasını qoyduğunu vurğulayıb. O, Heydər Əliyevin Azərbaycan xalqının müstəqilliyi, dövlətçiliyimizin inkişafı yolunda göstərdiyi xidmətlərdən danışaraq, ölkəmizdə siyasi sabitliyin yaranmasının, azərbaycançılıq ideologiyasının formalaşmasının və inkişafının, respublikamızın dünya birliyinə inteqrasiyasının Ümummilli Liderin adı ilə bağlı olduğunu deyib.
Gövhər Baxşəliyeva Heydər Əliyevin ölkə həyatının bütün sahələrinə, o cümlədən elmə böyük diqqət yetirdiyini söyləyib, Ulu Öndərin ikinci dəfə hakimiyyətə qayıdanda, 1993-cü ildə birinci görüşünü məhz Elmlər Akademiyasında Azərbaycan ziyalıları ilə keçirdiyini xatırladıb.
Tədbirdə Şərqşünaslıq İnstitutunun icraçı direktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Ruhəngiz Cümşüdlü, Şərq-Qərb şöbəsinin müdiri, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Məmmədəli Babaşlı və başqaları çıxış edərək, Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra respublikamızın əldə etdiyi uğurlardan danışıblar, unudulmaz rəhbərin adının tarixə əbədi həkk olunduğunu qeyd ediblər.