Sevastopoldakı Sapun-qorada Azərbaycan döyüşçülərinin şərəfinə ucaldılmış xatirə kompleksinin işıqlandırma sistemi qurulmuşdur
Bakı, 29 iyul (AZƏRTAC). Krımın azərbaycanlılar icmasının rəhbəri Rəhim Hümbətovun AZƏRTAC-a verdiyi məlumata görə, Sevastopoldakı Sapun-Qorada Azərbaycan döyüşçülərinin şərəfinə ucaldılmış xatirə kompleksinin işıqlandırma sistemi qurulmuşdur.
R.Hümbətov qeyd edir ki, “Yalta dairəsindən düz abidənin yanına qədər dayaq dirəkləri və işıqlandırma cihazları qurulması üzrə böyük iş görülmüşdür.
Xatırladaq ki, Sevastopol qubernatoru Vladimir Yatsuba Azərbaycan döyüşçülərinə abidənin yenidən qurulması işlərindən sonra açılış mərasimindəki çıxışında yenilənmiş memorial kompleksi “Sevastopolda ən yaxşı abidə” adlandırmış və bu abidənin işıqlandırılacağını vəd etmişdi.
Onu da qeyd edək ki, abidənin yenidən qurulması üçün maliyyə vəsaiti Krım Azərbaycanlılar İcmasının Prezident İlham Əliyevə müraciətindən sonra dövlət başçısının tapşırığı ilə ayrılmışdır.
Abidənin yenidən qurulmasına Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli, Sevastopol qubernatoru Vladimir Yatsuba, Balaklava dövlət administrasiyasının rəhbəri, hazırda qəhrəman şəhərin qubernatorunun birinci müavini Fyodor Rubanov, Balaklava merinin müavini Sergey Rezniçenko və başqaları xeyli kömək göstərmişlər.
Sevastopolda Azərbaycan döyüşçülərinin şərəfinə xatirə kompleksi 1974-cü ildə yaradılmışdır.