Seysmoloji Xidmət ilə Aerokosmik Agentlik Anlaşma Memorandumunun bağlanması haqqında razılığa gəliblər
Bakı, 19 oktyabr, AZƏRTAC
Oktyabrın 19-da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Monitorinq Mərkəzində mərkəzin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli və Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin (MAKA) baş direktoru, texnika elmləri doktoru, professor Natiq Cavadov arasında görüş keçirilib.
Mərkəzin informasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə Qurban Yetirmişli qonaqları mərkəzdə aparılan kompleks seysmoloji, geofiziki, geodinamiki və geokimyəvi tədqiqatlar haqqında məlumatlandırıb. Hazırda mərkəzin respublika ərazisində 84 seysmik stansiyasının fəaliyyət göstərdiyini bildirən baş direktor deyib ki, həmin stansiyalar vasitəsilə təkcə zəlzələləri deyil, vulkan püskürmələrini və yeraltı partlayışları da izləmək mümkündür.
Professor, həmçinin mərkəzin xarici tərəfdaşları ilə həyata keçirdiyi birgə layihələr haqqında da ətraflı məlumat verib.
Milli Aerokosmik Agentlik və RSXM arasında ikitərəfli əməkdaşlıq qurulmasının və birgə tədqiqatlar aparılmasının, eləcə də beynəlxalq və yerli layihələrdə iştirak etməsi baxımından əhəmiyyətli olduğunu qeyd edən baş direktor birgə əməkdaşlığın Azərbaycan elminin inkişafında rolundan danışıb.
Professor Natiq Cavadov isə bildirib ki, RSXM-in fəaliyyətini yaxından izləyirlər. MAKA-nın baş direktoru iki qurum arasında əlaqələrin qurulmasının zəruriliyinə toxunaraq deyib ki, bu cür əməkdaşlıq elmi tədqiqatların əhatəsinin genişlənməsi və daha səmərəli nəticələr əldə olunmasına gətirib çıxara bilər. Müzakirələrin nəticəsi olaraq tərəflər ikitərəfli Anlaşma Memorandumunun bağlanması haqqında razılığa gəliblər. Daha sonra mərkəzin zəlzələ ocaqlarının dinamikası şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova mərkəzdə aparılan kompleks tədqiqatlar və onun nəticələri, Böyük Britaniyanın Oksford Universiteti ilə RSXM-in birgə apardığı araşdırmalar, eləcə də respublika ərazisində palçıq vulkanlarının tədqiqatı sahəsində yeni başlanmış işlərə dair geniş təqdimatla çıxış edib.
MAKA-nın baş direktorunun birinci müavini texnika elmləri doktoru, professor Tofiq Süleymanov çıxış edərək RSXM-də aparılan işləri yüksək qiymətləndirib. Həmçinin o, Milli Aerokosmik Agentlik və RSXM arasında ikitərəfli əlaqələrin qurulması ilə bağlı bir neçə istiqamətdə təkliflər irəli sürüb.
Daha sonra qarşılıqlı olaraq sual doğuran məqamlara aydınlıq gətirilib.