SIGMA proqramının ekspertləri dövlət satınalmalarının auditi sahəsində beynəlxalq təcrübənin paylaşılmasına hazırdır
Bakı, 1 iyul, AZƏRTAC
Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov SIGMA proqramının satınalma üzrə ekspertləri Daniel İvarson və Spyros Panagopoulos ilə görüşüb.
Palatadan AZƏRTAC-a bildirilib ki, görüş zamanı sədr dövlət maliyyəsinin idarəedilməsi sahəsində ölkəmizdə həyata keçirilən islahatlar, bu istiqamətdə ali audit orqanı kimi Hesablama Palatasının gördüyü işlər barədə qonaqlara ətraflı məlumat verib. Eyni zamanda, Hesablama Palatasının dövlət satınalmalarının auditi sahəsində tətbiq etdiyi yanaşmalar, bu istiqamətdə formalaşdırılmış audit təcrübəsi və həyata keçirilən fəaliyyətlər diqqətə çatdırılıb.
Görüşdə dövlət satınalmalarının tənzimlənməsi ilə bağlı məsələlərin əhəmiyyəti və istiqamətdə hüquqi bazada aparılan yeniliklər və onların audit prosesinə təsiri ilə bağlı fikir mübadiləsi aparılıb. Dövlət satınalmalarının auditi üzrə metodiki sənədlərin təkmilləşdirilməsi, dövlət auditinin rəqəmsallaşdırılması çərçivəsində satınalmaların auditinə dair nəzərdə tutulan fəaliyyətlər barədə məlumat verilib. Bu istiqamətdə beynəlxalq qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqi məqsədilə SIGMA ekspertlərinin peşəkar bilik və təcrübəsindən faydalanmaqda Hesablama Palatasının maraqlı olduğu vurğulanıb.
SIGMA proqramının ekspertləri isə Hesablama Palatasının əməkdaşlıq təşəbbüsünü yüksək qiymətləndirərək, dövlət satınalmalarının auditi sahəsində beynəlxalq təcrübənin, metodoloji yanaşmaların və peşəkar biliklərin paylaşılmasına, həmçinin bu istiqamətdə dəstəyin göstərilməsinə hazır olduqlarını bildiriblər.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.