MƏDƏNİYYƏT
Şimal bölgəsində turizm xidmət sahəsində çalışanlar üçün təlim tədris kursları keçiriləcəkdir
Bakı, 30 may (AZƏRTAC). Azərbaycanın və Türkiyənin Mədəniyyət və Turizm nazirliklərinin birgə təşkilatçılığı ilə respublikanın turizm potensiallı şəhər və rayonlarında fəaliyyət göstərən mehmanxana və digər yerləşdirmə obyektlərində çalışanlar üçün mütəmadi təlim-tədris kursları təşkil olunur.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, belə tədbirlərin uğurlu nəticələri nəzərə alınaraq, xidmət sahəsi üzrə təlim-tədris kurslarının növbəti mərhələsi iyunun 3-dən 10-dək Xaçmaz rayonunda keçiriləcəkdir.
Azərbaycanın şimal bölgəsi rayonlarını əhatə edəcək təlim-tədris kurslarında əsasən 4 sahə - idarəçilərin təlimçi olaraq hazırlanması, qeyd-qəbul, xadiməlik və masa xidməti ixtisasları üzrə dərsləri Türkiyədən dəvət olunmuş müəllimlər tədris edəcəklər.
Təlimlər İyun ayının 10-da kurslarda iştirak edəcək dinləyicilərə sertifikatların verilməsi ilə başa çatacaqdır.
Bu istiqamətdəki treninqlər regionlarda fəaliyyət göstərən mehmanxana və ona bərabər tutulan yerləşdirmə obyektlərində xidmət səviyyəsinin yüksəldilməsi turizmin inkişafına öz töhfəsini verəcəkdir.