Sinqapurda Xocalı faciəsinin qurbanlarının xatirəsi anılmışdır
Bakı, 25 fevral (AZƏRTAC). Fevralın 24-də Azərbaycanın İndoneziya və Sinqapurdakı səfiri Tamerlan Qarayev Sinqapurda yaşayan və təhsil alan həmvətənlərimizlə görüşmüşdür.
Səfirlikdən AZƏRTAC-a bildirmişlər ki, görüşdə beynəlxalq olimpiadaların qalibi olmuş, sonradan Sinqapur hökuməti tərəfindən bu ölkədə təhsillərini davam etdirən tələbələrimiz və burada fəaliyyət göstərən şirkətlərdə çalışan vətəndaşlarımız iştirak etmişlər.
Tədbirdə çıxış edən T.Qarayev 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin Xocalı şəhərində törətdikləri soyqırımı haqqında danışmışdır. Bildirmişdir ki, bu soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 nəfər qətlə yetirilmiş, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirmişdir. Diplomat həmvətənlərimizi “Xocalıya ədalət!” kampaniyasında fəal iştirak edərək erməni işğalçılarının əsl simalarını Sinqapur cəmiyyətinə göstərməyə çağırmışdır.
T.Qarayev fevralın 23-də Sinqapur Prezidentinə etimadnaməsini təqdim etdiyini, bu ölkənin xarici işlər, ticarət və sənaye nazirləri, burada fəaliyyət göstərən böyük şirkətlərin rəhbərləri ilə görüşdüyünü bildirmişdir. Qeyd etmişdir ki, görüşlərdə Azərbaycan və Sinqapur arasındakı münasibətlərin inkişaf etdirilməsinə hər iki tərəfin maraqlı olduğu vurğulanmışdır. Yaxın gələcəkdə ölkələrimiz arasında yüksək səviyyəli qarşılıqlı səfərlərin təşkil ediləcəyi, iqtisadi layihələrin həyata keçiriləcəyi bildirilmişdir.
Diplomat, həmçinin Azərbaycanın müasir inkişafı, artan iqtisadi potensialı, qlobal siyasi nüfuzu barədə danışmışdır.
Vətəndaşlarımızın problemləri ilə maraqlanan T.Qarayev ölkəmizin Sinqapurda tanıdılması istiqamətində keçiriləcək tədbirlərlə bağlı fikir mübadiləsi aparmışdır. Səfir tələbələrimizə təhsil aldıqları universitetlərdə ölkəmizlə bağlı guşənin təşkil olunmasını, Azərbaycan-Sinqapur Dostluq Cəmiyyətinin yaradılmasını tövsiyə etmiş və bunun üçün hər cür yardım etməyə hazır olduğunu bildirmişdir.
T.Qarayev gələcəkdə Sinqapurda Azərbaycan mədəniyyəti ilə bağlı bir sıra tədbirlərin keçirilməsi üzrə layihələrin hazırlanacağını diqqətə çatdırmışdır.