Sirk artisti Xavyer Teme: Azərbaycan tamaşaçıları çox gözəl enerjiyə malikdirlər
Bakı, 8 iyul, AZƏRTAC
Məşhur Moskva Buz Sirki bütün yay boyu “Circus Sea Breeze” arenasında canlı şou nümayiş etdirir. Tədbir “Circus Sea Breeze”in rəhbəri, sirk “Oskar” mükafatını alan ilk azərbaycanlı sirk artisti Allahverdi İsrafilov tərəfindən təşkil olunub.
AZƏRTAC xəbər verir ki, proqrama akrobatika ulduzlarının, hava gimnastlarının və sirk sənətçilərinin çıxışları, eləcə də buz platformasında sənətçilərin ifa etdiyi mürəkkəb tryuklar daxildir. Şouda Çilidən olan, mükafatlarla təltif olunan akrobat, jonqlyor, fiqurlu konkisürən və rolikli konkisürən Xavyer Teme iştirak edir.
AZƏRTAC-a verdiyi müsahibədə Cənubi amerikalı sənətçi Azərbaycana ilk dəfə səfər etdiyini bildirib.
“Burada özümü çox gözəl hiss edirəm. İqlim və havadan çox xoşum gəlir. Bakı gözəl, maraqlı şəhərdir, dənizkənarı isə çox mənzərəlidir. Azərbaycan komandası ilə işləmək mənim üçün çox rahatdır. Buradakı tamaşaçılar çox mehribandır, güclü enerjiyə malikdirlər”, - deyə o vurğulayıb.
A.İsrafilovun sözlərinə görə, buz sirk şousunun təşkili asan məsələ deyil. “İstənilən sirk şousunu təşkil etmək çətindir, buz sirki isə şübhəsiz ki, xüsusi hazırlıq tələb edir. Biz təxminən bir il Moskva Sirki ilə danışıqlar apardıq. Bu, çox gözəl heyətdir. Onlar bu yaxınlarda Çində böyük bir qastrol səfərini başa vurub Azərbaycana gəldilər. Tamaşaçılar proqrama çox yaxşı reaksiya verirlər. Ölkəmizdə buz şouları sevilir, bu, bizim üçün qeyri-adi və maraqlıdır. Azərbaycanda uzun müddət buz sirki olmayıb, biz son 10 ildə ilk dəfə belə bir sirk təşkil etdik”, - deyə müsahibimiz qeyd edib.
“Circus Sea Breeze”in rəhbəri gələcək planlarını da bölüşüb. “Biz hər dəfə tamaşaçıları təəccübləndirmək, müxtəlif janrları nümayiş etdirmək və bütövlükdə ölkədə sirk mədəniyyətini inkişaf etdirmək üçün daim yeni proqramlar üzərində işləyirik. Məsələn, tezliklə ekstremal şou təşkil etməyi planlaşdırırıq”, - deyə o bildirib.
Müəllif – Anara Axundova