Şirvan Milli Parkında qanunsuz ov edənlər və mal-qara saxlayanlar cərimələnmişlər
Bakı, 8 fevral (AZƏRTAC). Milli parklarda qanunsuz ov hallarının qarşısının alınması məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən görülən tədbirlər 2014-cü ilin ilk aylarında da davam etdirilmişdir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, yanvar ayında Şirvan Milli Parkının 3 saylı sahəsində 3 nəfər şəxsin qanunsuz ov etməsi faktı aşkar edilmiş, onlardan 3 ov tüfəngi, 3 patrondaş, müxtəlif çaplı 120 ədəd dolu patron, 1 baş ovlanmış yaşılbaş ördək və adı Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının “Qırmızı Siyahısı”na salınmış 2 baş ovlanmış turac, 1 ədəd rezin qayıq və digər predmetlər maddi sübut kimi götürülmüşdür.
Təqsirkarlara ümumilikdə 4000 manat məbləğində cərimə tətbiq olunmuş və qanunsuz ov nəticəsində təbiətə dəymiş ziyan hesablanaraq 1985,50 manat məbləğində iddia qaldırılmışdır.
Bir gün sonra aparılan araşdırma zamanı yenə parkın 3 saylı sahəsində ayrı-ayrı şəxslərə məxsus üç yerdə mal-qara yatağının olması faktı və bu yataqlarda çoxlu sayda tövlə, yaşayış yerləri və yardımçı tikililər aşkarlanmışdır. Həmin yataqlarda ümumilikdə 902 baş xırdabuynuzlu və 98 baş iribuynuzlu mal-qaranın saxlanılması nəticəsində 2,7 hektar torpaq sahəsinin bitki örtüyünün tamamilə məhv olduğu müəyyən edilmişdir. Milli parkın ərazisində yataqların qanunsuz fəaliyyəti nəticəsində təbiətə 51330,60 manat məbləğində ziyan dəymişdir.
Həmin əraziyə növbəti baxış zamanı yenə də 855 baş xırdabuynuzlu mal-qaranın özlərini təqdim etməyən şəxslər tərəfindən otarılması, 208 baş iribuynuzlu mal-qaranın və 28 baş atın sahibsiz halda otlaması faktları aşkarlanmışdır. Mal-qaranın sahibləri müəyyənləşdirilmiş, bu şəxslər barəsində akt və inzibati xəta haqqında protokol tərtib edilmişdir. İribuynuzlu mal-qaranın milli parka vurduğu ziyan 331,76 manat, atların otlaması nəticəsində dəymiş ziyan 44,66 manat məbləğində hesablanmış və bu məbləğ həmin gün növbədə olan mühafizə yegerlərinin üzərinə yazılmışdır. Ümumilikdə təbiətə 54303,84 manat məbləğində ziyan dəyməsi faktı üzə çıxarılmışdır.
Ərazidə qanunsuzluqlara yol verdiklərinə görə Şirvan Milli Parkının direktoru və parkın mühafizə yegeri tutduqları vəzifədən azad edilmişdir.