Şirvanda “Sənətə həsr edilmiş ömür” adlı yaradıcılıq gecəsi keçirilib
Şirvan, 30 noyabr, Aydın Yavərzadə, AZƏRTAC
Şirvan şəhər Uşaq Musiqi Məktəbində Azərbaycanın görkəmli bəstəkarı Vasif Adıgözəlovun anadan olmasının 90-cı ildönümünə həsr olunan “Sənətə həsr edilmiş ömür” adlı yaradıcılıq gecəsi keçirilib.
Şirvan-Salyan Regional Mədəniyyət idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, gecədə YAP Şirvan şəhər təşkilatının rəsmiləri, mədəniyyət işçiləri, müəllimlər və şagirdlər iştirak ediblər. Tədbirdə bəstəkarın milli musiqi mədəniyyətinə verdiyi töhfələrdən danışılıb. Bildirilib ki, Xalq artisti, pedaqoq, musiqi xadimi, professor, "İstiqlal" və “Şöhrət” ordenləri laureatı Vasif Adıgözəlov Azərbaycan musiqi xəzinəsində dərin emosional ruhu, milli musiqi ənənələrini müasir düşüncə ilə birləşdirən yaradıcılığı ilə xüsusi bir iz qoyub. Onun əsərlərindəki melodik zənginlik və sənətkar həssaslığı bu gün də musiqisevərlərin qəlbinə yol tapmaqdadır.
Daha sonra bəstəkarın ömür yolunu əks etdirən videoçarx nümayiş etdirilib, ardınca məktəbin müəllim və şagirdləri tərəfindən sənətkarın seçilmiş əsərləri ifa olunub.