SLOBODAN MİLOŞEVİÇİN ARVADININ HƏBSİ ÜÇÜN ORDER VERİLMİŞDİR
Bundan əlavə, Markoviçin dindirilməyə gəlməməsi ilə əlaqədar məhkəmə onun üçün girov qoyulmuş 15 min dolları dövlətin nəfinə müsadirə etmişdir.
M.Markoviç 2003-cü ildən Rusiyada yaşayır. Belqradda onu əri Yuqoslaviyanın prezidenti olduğu dövrdə hakimiyyətdən sui-istifadədə təqsirləndirirlər.
Bu, Belqrad məhkəməsinin ilk belə addımı deyildir. İyulun 1-də Serbiyanın məhkəmə orqanları S.Miloşeviçin qızı Mariyanın da həbsə alınması üçün order vermişlər. Çünki o, məhkəmə dinləmələrinə mütəmadi olaraq gəlməmişdir. Belqrad məhkəməsi Mariya Miloşeviçi ictimai asayişi pozmaqda və qanunsuz olaraq silah saxlamaqda təqsirli bilir.
Mariyanın məhkəmə vasitəsilə təqib edilməsinə 2001-ci il avqustun 10-da, atasının həbsə alındığı gün baş vermiş hadisə səbəb olmuşdur. Odlu silah toplamaqda ad çıxaran prezident qızı tapançadan havaya atəş açmışdır. Bundan sonra onu həbsxanaya göndərməyə dəfələrlə cəhd göstərilmiş, amma bununla əlaqədar məhkəmə iclasları hər dəfə təxirə salınmışdır. Hazırda Mariya Çernoqoriyada yaşayır.
Xatırladaq ki, sabiq Yuqoslaviya prezidenti S.Miloşeviç 2006-cı il martın 11-də Hollandiyada, keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Tribunalın həbsxanasında keçinmişdir. Rəsmi ehtimala görə, onun ölümünə ürəktutması səbəb olmuşdur. Beynəlxalq Tribunal onu 1990-cı illərdə Bosniya, Xorvatiya və Kosovoda hərbi əməliyyatlar zamanı insanlığa qarşı cinayətlərdə və soyqırımlarında təqsirləndirirdi.