SOCAR-da “Vətəndaş cəmiyyəti təsisatları ilə işin təşkili” mövzusunda tədbir keçirilib
Bakı, 1 dekabr, AZƏRTAC
SOCAR-ın Baş ofisində “Vətəndaş cəmiyyəti təsisatları ilə işin təşkili” mövzusunda tədbir keçirilib. Əvvəlcə tədbirdə iştirak edən qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri “Heydər Əliyev və neft strategiyası” və “Azərbaycan nefti” sərgiləri ilə tanış olublar.
Şirkətdən AZƏRTAC-a bildiriblər ki, SOCAR-ın Sosial məsuliyyət Departamentinin Tərəfdaşlarla iş şöbəsinin rəisi Teymur Süleymanzadə 2025-ci il ərzində vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın gücləndirilməsi üçün görülən işlər barədə ətraflı məlumat verib.
SOCAR-ın İstedadların idarə edilməsi və biznes tərəfdaşlığı Departamentinin rəis müavini Mahal Mehdiyev qurumda işə qəbul prosesində şəffaflığın təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edib.
Tədbirdə, həmçinin SOCAR-ın Uyğunluq Departamentinin Biznes etikası və antikorrupsiya şöbəsinin böyük hüquq məsləhətçisi Lalə Babayeva SOCAR-da daxili nəzarət mexanizmləri, o cümlədən pozuntular haqqında məlumatlandırma kanalları və işçilərin bu sahədə maarifləndirilməsi üçün keçirilən təlimlərlə bağlı təqdimatla çıxış edib.
Daha sonra QHT nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.