SİYASƏT
Soçidə MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası keçirilib
Soçi, 10 oktyabr, AZƏRTAC
Oktyabrın 10-da Soçidə MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov iştirak edib.
Rusiya XİN-in başçısı Sergey Lavrov bildirib ki, iclas MDB Dövlət Başçıları Şurasının iclası ərəfəsində keçirilir və müzakirə olunacaq sənədlər təsdiq üçün Dövlət Başçıları Şurasına təqdim ediləcək. S.Lavrov qeyd edib ki, MDB çərçivəsində qarşılıqlı fəaliyyət Rusiyanın xarici siyasətinin əsas istiqamətlərindəndir. O ümidvar olduğunu deyib ki, hazırkı görüş Birliyin möhkəmlənməsinə, dünyada nüfuzunun artmasına kömək edəcək.
İclas iştirakçılarının diqqətinə bir çox sahələri əhatə edən 18 sənəd təqdim olunub. İclasda MDB ölkələrinin korrupsiyaya qarşı mübarizədə əməkdaşlıq Konsepsiyası, terrorizm və ekstremizmlə mübarizə sahəsində informasiya mübadiləsi haqqında Saziş, Birləşmiş hava hücumundan müdafiə sistemlərinin kosmik müdafiə vəzifələrinə uyğunlaşdırılmasının əsas istiqamətləri layihələri və digər sənədlərə baxılıb. Humanitar sahəyə dair sənədlər, o cümlədən Birlik ölkələrində 2019-cu ilin “Kitab İli”, 2020-ci ilin “Böyük Vətən Müharibəsində Qələbənin 75-ci İldönümü İli” elan olunması və digər məsələlərlə bağlı qərarlar təsdiq edilib.
İclasda MDB-nin müasir şəraitə uyğunlaşması, təşkilatın nizamnamə və sahə orqanlarının səmərəliliyinin artırılması, MDB orqanlarında vakant yerlərə müsabiqələrin keçirilməsi və digər məsələlərə də baxılıb. Sənədlərin layihələri MDB Dövlət Başçıları Şurasının oktyabrın 11-də Soçidə keçiriləcək iclasına, habelə MDB Hökumət Başçılarının noyabrın 3-də Daşkənddə keçiriləcək iclasına təqdim olunacaq.
MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclasının 2018-ci il aprelin 6-da Minskdə keçiriləcəyi gözlənilir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Soçi