SON MƏNZİLƏ
Mərhumun cənazəsi Rəşid Behbudov adına Mahnı Teatrının matəmsayağı bəzədilmiş səhnəsində postament üzərinə qoyulmuşdu. Postamentin ətrafına mədəniyyət nazirliyinin, teatr kollektivlərinin adından əklillər düzülmüşdü.
Salonda həzin matəm musiqisi, müğənninin oxuduğu mahnılardan parçalar səslənirdi. Azərbaycanın tanınmış mədəniyyət və incəsənət xadimləri cənazənin yanında fəxri qarovulda dayanırdılar.
Matəm mitinqini mədəniyyət naziri Polad Bülbüloğlu açaraq, M.Bağırzadənin dünyadan vaxtsız köçdüyünə təəssüfləndiyini bildirdi. Nazir dedi ki, Məmmədbağır Bağırzadə az müddətdə xalq arasında tanınmış, dinləyicilərin böyük məhəbbətini qazanmışdır. Müxtəlif illərdə Azərbaycan Dövlət Filarmoniyasında, Azərbaycan Dövlət Konsert Birliyində çalışan müğənni öz ecazkar səsi ilə milli musiqi xəzinəmizi zənginləşdirən ifaçılar sırasına daxil olmuşdur.
Mərhumun səhnə mədəniyyəti, böyük-kiçik yerini gözləməsi, həmişə gülər üzü ilə başqalarından seçildiyini xatırladan nazir onun xalqın qəlbində əbədi yaşayacağını bildirdi.
Mərasimdə çıxış edən xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Canəli Əkbərov, habelə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Vasim Məmmədəliyev, əməkdar artist Ağadadaş Ağayev, xanəndə Tələt Qasımov M.Bağırzadəni Azərbaycanın qüdrətli sənətkarlarının layiqli davamçısı kimi yüksək qiymətləndirdilər. Muğam ifaçılığımızın gözəl ənənələrini ləyaqətlə qoruyub yaşadan müğənninin həm də özünün original bəstələri ilə Azərbaycan musiqisini daha da inkişaf etdirdiyini, sənəti ilə xalqına ləyaqətlə xidmət göstərdiyini diqqətə çatdırdılar.
Bildirildi ki, 1985-ci ildən ömrünün sonuna qədər Azərbaycan teleradiosunda solist kimi çalışan müğənni dünyanın müxtəlif ölkələrində milli musiqimizi layiqincə təmsil etmişdir. O, öz ifası ilə istər bəstəkar mahnılarını, istərsə də xalq mahnılarını və muğamları minlərlə dinləyiciyə sevdirə bilmişdir. M.Bağırzadə sənətdə qazandığı uğurlara görə xalq artisti fəxri adına layiq görülmüşdür.
Polad Bülbüloğlu Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin və Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın adından mərhumun ailəsinə başsağlığı verdi.
Mərhumun ailəsi adından oğlu Rahim Bağırzadə çıxış edərək, atasının xatirəsinə göstərilən hörmət və ehtirama görə dövlətimizin başçısına və mərasim iştirakçılarına minnətdarlığını bildirdi.
X X X
Xalq artisti Məmmədbağır Bağırzadənin cənazəsi teatrın binasından qaldırılaraq, Bakının Nardaran kəndinə gətirildi. Burada mərhumun ruhuna dua oxundu. Əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq unudulmaz sənətkar Məmmədbağır Məmmədəli oğlu Bağırzadənin cənazəsi doğma torpağa tapşırıldı. Məzarın üzərinə əklillər, gül dəstələri düzüldü.
Allah rəhmət eləsin, qəbri nurla dolsun!