SON MƏNZİLƏ
Mərhumun cənazəsi Azərbaycan Dövlət Musiqili Komediya Teatrının matəmsayağı bəzədilmiş səhnəsində postament üzərində qoyulmuşdur. Postamentin qarşısında görkəmli alimin layiq görüldüyü orden və medallar, ətrafında isə Azərbaycan Prezidenti adından, dövlət və hökumət qurumlarının, AMEA, Dövlət Neft Akademiyası, neft şirkətləri kollektivlərinin adından əklillər düzülmüşdü.
Dövlət və hökumət nümayəndələri, ziyalılar, alimin həmkarları teatrın binasına gəlir, görkəmli elm xadiminə və gözəl insana son borclarını verirdilər.
Salonda həzin matəm musiqisi səslənirdi. Dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, görkəmli elm adamları cənazənin yanında fəxri qarovulda dayanırdılar.
Matəm mərasimini AMEA-nın prezidenti, akademik Mahmud Kərimov açaraq, mərhumun həyatından, Azərbaycan elminin inkişafındakı xidmətlərindən danışdı. Bildirdi ki, Azad Mirzəcanzadə 1928-ci il sentyabrın 30-da Bakıda anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, ali təhsilini 1944-1949-cu illərdə Azərbaycan Sənaye İnstitutunun neft-mədən fakültəsində almış və dağ mühəndisi ixtisasına yiyələnmişdir. 1951-ci ildə texnika elmləri üzrə namizədlik, 1957-ci ildə doktorluq dissertasiyaları müdafiə etmişdir. 1968-ci ildən Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü idi.
Natiq vurğuladı ki, Azad Mirzəcanzadə əmək fəaliyyətinə 1944-cü ildə orta məktəb müəllimi kimi başlamış, sonralar Azərbaycan Elmlər Akademiyasının Neft İnstitutunda və Neft Ekspedisiyasında baş laborant, kiçik elmi işçi, böyük elmi işçi və şöbə müdiri vəzifələrində çalışmışdır. 1958–1968-ci illərdə Azərbaycan Neft Sənayesi Nazirliyi nəzdində Elmi Tədqiqat Neftçıxarma İnstitutunda, 1966-1969-cu illərdə SSRİ Elmlər Akademiyasının Mexanika Problemləri İnstitutunda laboratoriya müdiri olmuş, SSRİ EA və Neft Sənayesi Nazirliyinin müştərək laboratoriyasının, 1973-1989-cu illərdə keçmiş Ümumittifaq Elmi Tədqiqat Neft İnstitutunun neft-qaz dinamikası laboratoriyasının müdiri, 1992-ci ildən isə Azərbaycan Neft Akademiyası nəzdində Neft-Qaz Geotexnoloji Problemləri İnstitutunun direktoru olmuşdur.
ARDNŞ-in birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə, Azərbaycan Dövlət Neft Akademiyasının prorektoru Zaur Əhmədov, Neft-Qaz və Kimya Problemləri Elmi Tədqiqat İnstitutunun direktoru Elmira Ramazanova, Başqırdıstan Elmlər Akademiyasının prezidenti Ayrat Şammazov, Rusiyadan akademik Mars Xasanov, sənaye və energetika naziri Namiq Əliyev, Bakı Slavyan Universitetinin rektoru Kamal Abdullayev bildirdilər ki, Azad Mirzəcanzadə elmi-pedaqoji fəaliyyəti ilə yanaşı, elmin təşkili və idarə olunması prosesində fəal iştirak edərək 1992-2001-ci illərdə Azərbaycan Ali Attestasiya Komissiyasının sədri olmuş, 7 ildən artıq Dövlət Elm və Texnika Komitəsinə rəhbərlik etmişdir. Azərbaycan elminin dünyaya inteqrasiya işində səylərini əsirgəməmişdir.
A.Mirzəcanzadəni böyük elm fədaisi, ensiklopedik biliyə malik alim kimi səciyyələndirən natiqlər diqqətə çatdırdılar ki, mərhum zəngin elmi irs qoyub getmişdir. Onun 80-ə yaxın monoqrafiyası, 50-dən artıq ixtirası, 400-ə yaxın elmi əsəri vardır. Natiqlər mərhumun yüksək ixtisaslı kadrların yetişdirilməsinə, elmin təbliğinə böyük qüvvə və bacarıq sərf etdiyini vurğulamışlar. Bildirilmişdir ki, A.Mirzəcanzadənin rəhbərliyi ilə onlarca elmlər namizədi və doktoru hazırlanmışdır. Azad Mirzəcanzadənin yetirmələrinə dünyanın müxtəlif yerlərində rast gəlmək olar. Alim ölkəmizdə tətbiqi mexanika və neft-mədən işləri sahəsində qiymətli araşdırmaları ilə təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda da böyük şöhrət qazanmışdır. Sağlığında yaratdığı elmi məktəbin ənənələri ondan sonra da davam etdiriləcəkdir.
Azərbaycan elminin dünyaya tanıdılmasında görkəmli alimin xidmətləri yüksək qiymətləndirilmiş, o, müstəqil respublikamızın ali mükafatı – “İstiqlal” ordeni ilə təltif olunmuşdur.
Mərhumun qohumu Solmaz Ağayeva A.Mirzəcanzadənin xatirəsinə göstərilən diqqətə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirdi, mərasim iştirakçılarına təşəkkür etdi.
Matəm mərasimində Prezidentin İcra Aparatının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə və başqa rəsmi şəxslər iştirak edirdilər.
Vida mərasimi başa çatdıqdan sonra mərhumun cənazəsi teatrın binasından qaldırılaraq, Fəxri xiyabana gətirildi. Burada mərhumun ruhuna dua oxundu. Əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq böyük elm xadimi, əsil vətəndaş və qayğıkeş insan Azad Xəlil oğlu Mirzəcanzadənin cənazəsi doğma torpağa tapşırıldı. Məzarın üzərinə əklillər, gül dəstələri düzüldü.
Allah rəhmət eləsin, qəbri nurla dolsun!