Sosial bağlılıqla psixoloji rifah arasında əlaqəyə dair tədqiqat aparılıb
Bakı, 4 iyul, AZƏRTAC
Psixologiya Elmi-Tədqiqat İnstitutunun rəhbəri fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmov, psixoloq Ülviyyə Nəhmətova və AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Sosial psixologiya şöbəsinin elmi işçiləri, psixologiya üzrə fəlsəfə doktorları Tünzalə Musayeva, Gültəkin İsmayılova və elmi işçi Xalidə Xəlilovanın həmmüəllifi olduqları “Azərbaycanlı yetkinlərdə sosial bağlılıq, psixoloji rifah və psixoloji dözümlülük arasındakı əlaqə” adlı məqalə “Springer Nature” elmi bazasına daxil olan “Discover Psychology” jurnalında çap olunub.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, bu araşdırma modelləşdirmə tədqiqatıdır və 18-66 yaş aralığında olan 519 yetkin şəxs üzərində aparılıb. Tədqiqata cəlb olunmuş iştirakçıların ailə vəziyyəti (evli/subay), əmək fəaliyyəti, müxtəlif dövlət və özəl qurumlarda çalışmaqları nəzərə alınıb. Araşdırmada, həmçinin işsiz şəxslər iştirak ediblər.
Tədqiqat nəticəsində məlum olub ki, sosial bağlılıqla psixoloji rifah arasında pozitiv əlaqə mövcuddur. Elmi tədqiqatın gələcəkdə ölkəmizdə yetkin yaş qrupu arasında tətbiqi üçün əldə olunan qənaətə əsasən, bu şəxslər çevrələrindən dəstək hiss edərlərsə, onlarda sosial bağlılıq artar, beləliklə də insanların psixoloji dayanıqlığı təmin olunar. Bu da gələcəkdə müvafiq sahədə tətbiq olunan modelləşdirmə işində sosial bağlılığın inkişafına rəvac verəcək.
Araşdırmada, həmçinin qeyd olunur ki, yetkin şəxslər öz sosial mühitinə aid olduqlarını hiss etsələr, onların psixoloji dayanıqlıqları artar, bununla da onların psixoloji rifahı yüksələr.