Sosial islahatlar paketində həssas qruplarda daha yüksək artımlar müşahidə olunur
Bakı, 13 yanvar, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Fərman və sərəncamlarla artıq yanvarın 1-dən etibarən bir sıra dövlət sektorlarında çalışan vətəndaşlarımızın əməkhaqqıları, eləcə də sosial müavinət və təqaüdlərin artımı reallaşdı. Yanvarın 1-dən etibarən dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqqılarında artımlar qeydə alınacaq. Onların əməkhaqqıları 15 faiz artacaq. Eyni zamanda, sosial müavinətlərin də artırılması reallaşdı.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov deyib.
Fərman və sərəncamların genişmiqyaslı olduğunu vurğulayan Milli Məclisin deputatı deyib: “Burada şəhid ailələrinə verilən ödənişin məbləğinin, eyni zamanda, əlillik qrupları üzrə müavinətlərin artırılması, xüsusən birinci qrup üzrə artımlar həm də yaşayış minimumu nəzərə almaqla həyata keçirildi. O cümlədən, digər istiqamətlərdə təqaüdlərin, Prezident təqaüdünün artırılması, doktorantura, magistratura, bakalavriatda oxuyan vətəndaşların təqaüdlərində artımlar oldu. Praktik olaraq bütün bu artımlar son Fərman və sərəncamların geniş şəkildə fərqli sektoralları əhatə etdiyindən xəbər verir. Xüsusən həssas qruplarda daha yüksək artımlar müşahidə olunur. Məqsəd təbii ki, həmin vətəndaşlarımızın sosial təminatının daha da gücləndirilməsinə nail olmaqdan ibarətdir”.
V.Bayramovun sözlərinə görə, artımlar artıq 2023-cü ildə bu istiqamətdə daha çox vəsaitin ayrılmasına imkan verəcək. Bütövlükdə 2023-cü ilin dövlət büdcəsindən sosial sferaya 15,2 milyard manat vəsait ayrılacaq. Bu büdcə xərclərinin 46 faizi deməkdir və təbii ki, müstəqillik dövründə ən böyük sosial ayırmalardır. Bütün bunlar ondan xəbər verir ki, biz 2023-cü ildə daha geniş sosial paketlər müşahidə edəcəyik.