Soydaşlarımız Qərbi Azərbaycana güc tətbiq olunmadan qayıdacaqlar
Ağcabədi, 13 yanvar, AZƏRTAC
XIX əsrdə çar Rusiyası tərəfindən Osmanlı və İran ərazisindən ermənilərin kütləvi şəkildə Cənubi Qafqaza köçürülməsi ilə Azərbaycan türklərinin öz tarixi torpaqlarından sıxışdırılması prosesinə start verildi. XX əsrin əvvəllərində Qərbi Azərbaycanda yaşayan yerli əhaliyə qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə, soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərlə, faciələrlə üzləşdi. Azərbaycan türkləri mərhələli şəkildə indi Ermənistan adlandırılan ərazidən - min illər boyu yaşadıqları öz doğma tarixi torpaqlarından qovularaq kütləvi qətl və qırğınlara məruz qaldı, xalqımıza məxsus yüzlərlə, minlərlə tarixi-mədəni abidə və yaşayış məskənləri məhv edildi. XX əsrdə Qərbi azərbaycanlılar 4 dəfə deportasiyaya məruz qaldı. Təkcə 1988-ci ildə Qərbi Azərbaycandan 300 mindən çox insan deportasiya olundu. Təəssüf ki, bu ağlasığmaz şovinist özbaşınalığına münasibətdə beynəlxalq ictimaiyyət hələ də susmaqdadır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədri İlqar İlyasov deyib.
O bildirib ki, bu gün tam haqlı olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Qərbi Azərbaycan mövzusu artıq beynəlxalq arenada müzakirə olunur. Bu istiqamətdə xüsusi işçi qrupu yaradılıb və vahid konsepsiya üzərində iş aparılır. Əminik ki, dövlətimiz Ağdam, Kəlbəcər və Laçında olduğu kimi, heç bir güc tətbiq etmədən soydaşlarımızın Qərbi Azərbaycana qayıdışını da uğurla reallaşdıracaq, tarixi ədaləti bərpa edəcək.
İlqar İlyasov qeyd edib ki, Qərbi Azərbaycana qayıdış Vətən müharibəsindəki tarixi zəfərin davamı olacaq. Təbii ki, bu işdə dövlətimiz Qərbi Azərbaycana qayıtmaq istəyində olanlara hər cür dəstək göstərəcək. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da jurnalistlərə müsahibəsi zamanı Qərbi Azərbaycan məsələsinə xüsusi diqqət ayırdı və həmin mövzuya dair mühüm fikirlər səsləndirdi: “…Qərbi Azərbaycan İcması uzun illər deportasiyaya məruz qalmış İcma kimi öz hüquqlarından məhrum idi. Əlbəttə ki, Qarabağ dərdi, problemi olan yerdə Qərbi azərbaycanlıların hüquqlarından danışmaq bəlkə də vaxtından əvvəl açılan bir atəşə bənzəyə bilərdi. Amma bu gün hesab edirəm ki, biz tam haqlı olaraq bu mövzunu artıq beynəlxalq arenaya çıxarmışıq... Əlbəttə ki, Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıtmalıdırlar, bu, onların hüququdur, bütün beynəlxalq konvensiyalar bu hüququ onlar üçün tanıyır. Biz də Azərbaycan dövləti olaraq əlimizdən gələni etməliyik ki, bu hüququ təmin edək”.
Prezident İlham Əliyev əslində nəyin, nə vaxt deyilməli və edilməli olduğunu hamıdan yaxşı bildiyini dəfələrlə sübut edib. Əminəm ki, bu dəfə də Liderimizin haqlı olacağına şahidlik edəcəyik. Qərbi Azərbaycan məsələsi bizim ümummilli məsələmizdir və hər birimiz bu istiqamətdə əlimizdən gələni etməliyik.